Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova aclıq
aksiyası keçirən jurnalistlərin vəziyyətini diqqət mərkəzində saxlayır.
Onun tapşırığı ilə Ombudsman Aparatının əməkdaşları “Yeni Müsavat”
qəzetinin redaksiyasında aclıq aksiyasına qoşulmuş jurnalistlərlə --
Şahvələd Çobanoğlu, Elşən Balaxanlı, Natiq Cavadlı və Zahid Səfəroğlu
ilə görüşmüş, onların səhhəti və vəziyyəti ilə maraqlanmışlar.
Aksiya iştirakçıları aclıq keçirmələrinin səbəbini
həbsdəki bütün siyasi məhbus və jurnalistlərin azadlığa buraxılması,
Avropa Şurasının Azərbaycanda siyasi məhbus probleminin həlli
mexanizmini cəmiyyətə təqdim etməsi, habelə “Gündəlik Azərbaycan”
qəzetinin baş redaktoru Eynulla Fətullayevin İnsan Hüquqları üzrə
Avropa Məhkəməsində işinə baxılmasının sürətləndirilməsi tələbləri ilə
əlaqələndirmişlər.
Onların nəzərinə çatdırılmışdır ki, E.Fətullayevin
məsələsini Ombudsman diqqətindədir, o, mütəmadi olaraq jurnalistin cəza
çəkdiyi müəssisənin rəhbərliyi ilə əlaqə saxlayır. Müvəkkil bu gün də
baş redaktorun vəziyyətini araşdırmışdır. Müəyyən edilmişdir ki, o, 26
mart 2008-ci il tarixdən aclıq aksiyasına başlamış, müəssisənin tibb
məntəqəsinə yerləşdirilmiş və həkim nəzarətindədir. Eyni zamanda onun
atası ilə telefon əlaqəsinə imkan yaradılmışdır. Müəssisə rəhbərliyinə
E.Fətullayevin səhhəti ilə əlaqədar Müvəkkilin tövsiyələrini verməsi
barədə söhbət aparılmış aksiya iştirakçılarına da məlumat verilmişdir.
Ombudsmanın nümayəndələri bu məsələnin Müvəkkilin
nəzarətində olduğunu bildirmiş, aclıq keçirənlərə həkim yardımı təklif
olunmuşdur. Aksiyanı dayandırmaqla bağlı Müvəkkilin tövsiyəsi onlara
çatdırılmışdır.
Aksiya iştirakçıları və E.Fətullayevin atası
göstərdiyi diqqətə görə Ombudsmana təşəkkürlərini bildirmiş və
tələblərinin müvafiq orqanlara çatdırılmasını xahiş etmişlər.
|