Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili insan
hüquqları, o cümlədən uşaq hüquqları sahəsində beynəlxalq təcrübənin
öyrənilməsinə xüsusi önəm verir.
Müvəkkilin uşaq hüquqları üzrə
müşaviri Zaur Zamanov və Ombudsman yanında Uşaq Hüquqları Mərkəzinin
əməkdaşı Faiq Ağayev 26-27 mart 2008-ci il tarixdə Polşa və Litvanın
Uşaq Hüquqları üzrə Müvəkkilləri tərəfindən Varşavada “İşçi
miqrantların uşaqlarının hüquqları: mövcud çətinliklər və ümidlər”
mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak etmişlər.
Konfransa
Polşa və Litvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin
əməkdaşları, Estoniyanın Uşaq Hüquqların üzrə Müvəkkilinin əməkdaşı,
Polşada uşaqlarla işləyən dövlət qurumları və QHT-lərin nümayəndələri
də qatılmışlar.
Tədbirdə Polşa və Litvanın Uşaq Hüquqları üzrə Müvəkkilləri xanım Eva
Sovinska və xanım Rimante Şalaseviciyute, BMT-nin Uşaq Hüquqları
Komitəsinin eksperti cənab Dainiusa Purasa işçi miqrantların
uşaqlarının problemləri ilə bağlı məruzə etmiş, fikir mübadiləsi
aparmışlar. Həmin ölkələrdə aparılmış tədqiqatların nəticələri
açıqlanmış və bu mövzuda çəkilmiş filmlər nümayiş etdirilmişdir.
Azərbaycan Ombudsmanının nümayəndələri ölkəmizdə bu sahədə mövcud
vəziyyətlə bağlı təqdimat keçirmişlər. Azərbaycanlı işçi miqrantların
uşaqlarının digər ölkələrdə olduğu kimi, əsasən yaxın qohumları ilə
qaldığı, bəzi hallarda isə onların internat məktəblərinə və uşaq
evlərinə verildiyi qeyd olunmuşdur. Ölkəmizdə həyata keçirilən
De-İnstitutlaşma proqramının Müvəkkilin təşəbbüsü əsasında monitorinqi
aparılarkən işçi miqrantların övladlarına xüsusi diqqət yetirilmişdir.
Ombudsmanın uşaq hüquqları üzrə müşaviri xarici ölkələrə işçi miqrant
valideynlərlə köçən uşaqların problemlərinə də xüsusi yanaşmanın
vacibliyini diqqətə çatdırmışdır.
Ombudsmanın əməkdaşları konfransda həmin problemin həll edilməsi və
müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə təşkili nəzərdə
tutulmuş müvafiq Forumun yaradılması ilə bağlı layihənin müzakirəsində
də fəal iştirak etmişlər.
Polşa və Litvanın Uşaq Hüquqları üzrə Müvəkkilləri Azərbaycan
Ombudsmanının onların təkliflərini qəbul etməsini, nümayəndələrinin
konfransda fəal iştirakını yüksək qiymətləndirmişlər.
|