Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova
fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərinə
əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin mümkünlüyünü
araşdırmış, bəzilərinin törətdikləri hərəkətlərdən peşmançılıq
çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai
təhlükə törətmədiklərini nəzərə alaraq, Ombudsman haqqında Konstitusiya
Qanununun 1.4.-cü maddəsinə əsasən həmin məhkumların əfv olunmaları ilə
bağlı dəfələrlə müraciətlər ünvanlamışdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası
Prezidentinin Novruz bayramı ərəfəsində imzaladığı, sayca 44-cü olan
Əfv Fərmanında Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə
əsaslanan siyasəti davam etdirilərək, məhkum olunmuş bir sıra
şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin,
insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının
Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılmaqla
məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəzalarının müəyyən
hissəsini çəkdikləri, bu müddətdəki davranışları nəzərə alınmış, 59
məhkum əfv olunmuşdur. Novruz ərəfəsində neçə-neçə ailəyə sevinc
gətirən əfv fərmanı icra olunmuş, məhkumlar azadlığa buraxılmışlar.
Ombudsmanın müraciətləri nəzərə alınaraq, bu günədək
ümumilikdə 219 məhkum əfv edilmiş, onların 9 nəfəri sonuncu əfv fərmanı
üzrə azadlığa buraxılmışdır.
|