Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində aparılan hüquqi islahatların məntiqi davamı kimi, Ombudsman təsisatının yaradılması yeni səmərəli hüquq müdafiə mexanizmlərinin yaradılması sahəsində atılan mühüm addımlardan biridir.
Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanda nəzərdə tutulmuşdur.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nda İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulmuşdur.
28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclis tərəfindən «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Konstitusiya Qanunu qəbul edilmişdir. Müvəkkil təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza yaradılmışdır.
5 mart 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzalamışdır.
Həmin Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması barədə təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasının təmin edilməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanuni fəaliyyətinin məhdudlaşdırılmasına və ya fəaliyyətinə müdaxilə edilməsinə görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi, öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gələn digər məsələlərin həll edilməsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin həyata keçirilməsi üçün onun statusuna uyğun olan bina, zəruri avadanlıq, rabitə (o cümlədən hökumət rabitəsinin növləri), nəqliyyat, başqa təşkilati-texniki vasitələrlə təmin edilməsi, hər il dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca maddə ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və onun Aparatının fəaliyyətinin maliyyə və maddi-texniki təminatı üçün müvafiq maliyyə vəsaitinin ayrılmasının nəzərdə tutulması tapşırığı verilmişdir.
Azərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçilmişdir.
2 iyul 2002-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Ombudsman təsisatının yaradılması ilə bağlı qanunvericilikdə öz əksini tapmış bu yeniliklər 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə edilmiş dəyişikliklər nəticəsində ölkə Konstitusiyasında təsbit edildi.
İlk gündən Ombudsman təsisatının işinin təşkili ilə bağlı mühüm işlər həyata keçirilmişdir.
2002-ci ilin sentyabrın 17-də Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Ombudsman təsisatının büdcəsi təsdiq edilmiş, ilk maliyyə əməliyyatları oktyabrın sonundan başlamışdır.
Ombudsmanın seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanılmışdır.
Ombudsman təsisatının Azərbaycan üçün yeni olduğunu, Ombudsman haqqında məlumatların cəmiyyətdə yayılmasına böyük ehtiyac duyulduğunu, bu təsisatın digər dövlət orqanları ilə əməkdaşlığının qurulması zərurətini nəzərə alaraq 2002-ci ilin sentyabr-oktyabr aylarında BMTİP-nın «Ombudsmanın yaradılmasına və Azərbaycan Respublikasının parlamentinin potensial imkanlarının artırılmasına yardım» Layihəsi çərçivəsində Avropa Şurasının İnsan hüquqları üzrə Ali Komissarı cənab Alvaro-Hil Roblesin iştirakı ilə «Azərbaycanda Ombudsman təsisatının yaradılması və demokratiyanın inkişafında rolu» mövzusunda, «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən şikayətlərə baxılması qaydası» mövzusunda, Avropa Şurasının, ATƏT-in, BMT-nin və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə «Azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının İnsan Nüquqları üzrə Müvəkkilinin fəaliyyəti» mövzusunda və Kosovonın Ombudsmanı Marek Novitskinin, Avropa Şurası Katibliyinin İnsan hüquqları üzrə ikinci Direktorluğunun Baş direktoru K.Zimanın iştirakı ilə «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının Ombudsman təsisatı tərəfindən tətbiqi» mövzusunda silsilə seminarlar keçirilmişdir.
Bu seminarlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təşkil edilmiş, onların işində Milli Məclisin deputatları, Prezidentin İcra Aparatının, Milli Məclisin Aparatının, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Apellyasiya Məhkəməsinin, prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, digər dövlət orqanlarının və müxtəlif QHT-lərin nümayəndələri və KİV-lər iştirak etmişlər. Seminarlarda iştirak edən şəxslərin məruzələri, maraq doğuran sualların cavablandırılması, mövzular ətrafındakı fikir mübadilələri təsisatın əməkdaşlarının təcrübəvi biliklərə yiyələnməsinə, məlumata malik olmadıqları sahələrin və ya aydın olmayan məqamların açıqlanmasına imkan yaratmışdır və bu biliklər gələcəkdə Müvəkkilin fəaliyyəti üçün faydalı olmuşdur.
Ombudsman təsisatı haqqında biliklərin yayılması məqsədilə bu seminarların davamı kimi BMTİP-nın Layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində Milli Məclisin əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilmişdir. Bu tədbirlər müvafiq regiona daxil olan rayonlarda yerli icra hakimiyyəti, bələdiyyə, prokurorluq, məhkəmə, polis orqanlarını, qeyri-hökumət təşkilatlarını və kütləvi informasiya vasitələrini, geniş ictimaiyyəti cəlb etməklə regional müşavirələr formasında keçirilmişdir. Keçirilən tədbirlər qısa müddət ərzində Ombudsmanın fəaliyyəti barədə məlumat qıtlığının aradan qaldırılması, Müvəkkilin vəzifələri, səlahiyyətləri və cəmiyyətdəki rolu haqqında əhalinin maarifləndirilməsi, dövlət orqanları ilə əməkdaşlıq əlaqələrinin yaradılması üçün əsaslı zəmin yaratmışdır.
Təsisatın yarandığı dövrdən etibarən Ədliyyə Naziri və nazirliyinin əməkdaşları Müvəkkilə və onun Aparatına mümkün olan köməkliyi göstərmişlər. Belə ki, Nazirliyin yanında Hüquq-tədris mərkəzi tərəfindən Müvəkkilin Aparatında işləmək istəyən şəxslər üçün hazırlıq treninq kursları təşkil edilmişdir.
|