• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Xəbərlər

    Ombudsman Yardımlıda ictimai dinləmələr keçirmişdir

        Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi məqsədilə Yardımlı rayonunda ictimai dinləmələr keçirmişdir.
        Tədbirdə bu bölgə üzrə seçilmiş millət vəkili Sabir Rüstəmxanlı, rayon icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, ictimai qurumların, yerli qeyri-hökumət təşkilatları və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak etmişlər.
        İnsan Hüquqları üzrə Müvəkkil Yardımlı sakinlərini salamlamış, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. O, MFP-nin təsdiq edilməsindən ötən müddət ərzində bu sahədə xeyli işlərin görüldüyünü, ölkəmizin bütün rayonlarında sənədin tətbiqi ilə bağlı ictimai dinləmələrin keçiriləcəyini söyləmişdir.
        E.Süleymanova mühüm əhəmiyyət kəsb edən Prezident seçkisi kampaniyasına bu günlərdə start veriləcəyini bildirmiş, artıq Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi tadbirlər planı və təlimatlar haqqında məlumat vermiş, seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulamış, dairə seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışmış, müvafiq tövsiyələr vermişdir.
        Yardımlı rayon icra hakimiyyəti başçısının müavini MFP üzrə burada müvafiq tədbirlərin həyata keçirildiyini söyləmişdir. O, rayonda abadlıq işlərinin aparıldığını, Heydər Əliyev və Mədəniyyət parklarının salındığını, stadionun, rayon mərkəzi xəstəxanasının və diaqnostika mərkəzinin, digər səhiyyə obyektlərinin, ticarət mərkəzinin, yeni məktəblərin, otel, turizm kompleksinin, xalça, tikiş sexləri və digər obyektlərin tikildiyini, yolların çəkildiyini, kəndlərin işıq və qazla təmin olunduğunu, yerli sahibkarlara geniş imkanlar yaradıldığını diqqətə çatdırmışdır.
        Tədbirdə iştirak edən millət vəkili S.Rüstəmxanlı ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Ombudsmanın fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə görə ona təşəkkürlərini bildirmişdir. O, Müvəkkilin böyük uğurlar əldə etdiyini, həm xalqın, həm də dövlətin hörmətini qazandığını vurğulamışdır. Deputat hüquqi maarifləndirmənin, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinin, məmurların məsuliyyətinin artırılmasının vacibliyi, qanunvericiliyin daha da təkmilləşdirilməsinin zəruriliyi, həmçinin MFP-də insan hüquq və azadlıqlarının təmini istiqamətində mühüm müddəaların təsbit olunması, Müvəkkilin rəhbərliyi ilə bu Planın uğurla həyata keçirildiyi ilə bağlı öz fikirlərini iştirakçılarla bölüşmüşdür.
        DSK sədri rayonda seçkilərə hazırlıq prosesi, seçici siyahılarının təkmilləşdirilməsi vəziyyəti, əhalinin şəxsiyyət vəsiqələri ilə təmin olunması barədə danışmışdır.
        Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının təmin olunması, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə məlumat vermişlər.
        İştirakçılar çıxiş edərək, bu tədbirin keçirilməsinə görə Ombudsmana təşəkkürlərini bildirmiş, müzakirə olunan məsələ ətrafında öz mülahizələrini söyləmişlər. Eyni zamanda bir sıra problemlər – rayonda vəkillərin olmaması və digər çətinliklər diqqətə çatdırılmışdır.
        Müvəkkil səsləndirilən problemlərin aradan qaldırılması məqsədilə səylərin birləşdirilməsinin vacibliyini, cəmiyyətdə və ailədə zorakılığın yolverilməzliyini, MFP-nin həyata keçirilməsində dövlət orqanları ilə yanaşı, QHT-lərin, yerli icmaların böyük rolu olduğunu, həmçinin hüquqi maarifləndirmənin, AİDS və narkotiklərə qarşı mübarizənin daha da gücləndirilməsinin zəruriliyini vurğulamişdır. O, seçicilərin hüquqlarının mdafiəsinin, hər bir rayonda olduğu kimi, sərbəst toplaşma azadlığını həyata keçirmək üçün açıq və örtülü yerlər ayrılmasının, seçkilərdə fəallıqın, öz seçimini etmək üçün şəraitin yaradılmasının, birgə əməkdaşlığın vacibliyini qeyd etmiş, həmçinin qaldırılan problemlərin həlli məqsədilə müvafiq orqanlara tapşırıqlar vermişdir.
        Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanmışdır.
        Sonra İnsan Hüquqları üzrə Müvəkkil millət vəkili S.Rüstəmxanlı, Yardımlı rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon prokuroru və polis rəisi ilə birgə yerli sakinləri qəbul etmiş, onların şikayətlərini arasdıracağını və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəyini bildirərək hüquqlarını izah etmişdir. Bəzi müraciətlər yerində həll olunmuşdur.
        Yardımlı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirilmiş, hüquq pozuntuları, saxlanılanlara qarşı kobud rəftar aşkar edilməmişdir.


    01.08.2008 | 

    Geri 



    Yeni bülletenlər
    [ 30.08.2008 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 30.08.2008 ] DÖVRİ MƏTBUATDA DƏRC OLUNAN YAZILAR

    [ 30.08.2008 ] AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI

    [ 30.08.2008 ]  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI

    [ 27.08.2008 ] Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

      © 2007  Ombudsman.gov.az