• Müvəkkil
  • Regional mərkəzlər
  • Şikayətlər
  • Bəyanatlar
  •   Russian English
  • Xəbərlər
  • Səhifənin xəritəsi
  • Əlaqələr





  • Xəbərlər

    İctimai dinləmələr Lerikdə davam etdirilmişdir

        Lerik rayonunda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr davam etdirilmişdir. Fəal fikir mübadiləsi şəraitində keçirilmiş tədbirdə rayonun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, ictimai təşkilatlar və KİV-lərin, habelə yerli icmaların və milli azlıqların nümayəndələri iştirak etmişlər.
        Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizin gözəl güşəsi olan Lerik sakinlərini salamlamış, MFP-nin təsdiq edilməsindən ötən müddət ərzində bu sahədə xeyli işlərin görüldüyünü, bütün rayonlarda sənədin tətbiqi ilə bağlı ictimai dinləmələrin keçiriləcəyini söyləmişdir.
        Bu ilin həm də Prezident seçkisi ili olduğunu, yaxın günlərdə seçki kampaniyasına start veriləcəyini vurğulayan Müvəkkil Mərkəzi Seçki Komissiyasının müvafiq təlimatları haqqında məlumat vermiş, qarşıdakı seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini qeyd etmiş, həmçinin dairə seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışmış, müvafiq tövsiyələr vermişdir.
        Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov bu tədbirin təşkilinə görə Ombudsmana minnətdarlığını bildirmiş, 13 iyun 2008-ci il tarixdə Lerikin şəhər statusu aldığını, bu rayonda quruculuq işlərinin aparıldığını, o cümlədən Şəhidlərə həsr olunmuş möhtəşəm abidənin salındığını, yeni icra hakimiyyəti və DSK binasının, yeni məktəblərin, səhiyyə və turizm obyektlərinin tikildiyini, su xətlərinin təmir edildiyini, işıq və qazla təmin olunduğunu, yolların çəkildiyini, yerli sahibkarlara geniş imkanlar yaradıldığını diqqətə çatdırmışdır. O, insan hüquq və azadlıqlarının müdafiəsinin, MFP-nin qəbul olunmasının əhəmiyyətini qeyd etmiş, rayonda bu sənəd üzrə müvafiq tədbirlərin görüldüyünü bildirmişdir.
        78 saylı DSK-nın sədri seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların, seminarların keçirildiyini, rayonda bu sahədə maarifləndirmə işinin aparıldığını, VVAQ, hərbi komissarlıq və polis orqanları ilə birlikdə seçici siyahılarının daim təkmilləşdirildiyini, mütəmadi olaraq elanların, məlumatların dərc edildiyini qeyd etmişdir.
        Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonda kriminogen durumun sabit olduğu, müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi nəzarətin mövcudluğu, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti, həmçinin respublikanın digər bölgələrində, o cümlədən Bakının Binə və başqa qəsəbələrində çox sayda yaşayan rayon sakinlərini şəxsiyyət vəsiqələri ilə təmin etmək məqsədilə səyyar qrupların yaradıldığı barədə məlumat vermişlər. Eyni zamanda bir sıra problemlər -- rayonda vəkillərin olmaması, yuxarı siniflərdə qızların tədris prosesindən kənarda qalması, erkən nikahlar, evlənmək məqsədilə qızların qaçırılmasının Cinayət Məcəlləsində adam oğurluğu kimi tövsif olunmasının problrmlər yaratdığını və əhalinin SSRİ dövründən qalmış əmanətlərin qaytarılması səsləndirilmişdir.
        Müvəkkil insan hüquqlarının, o cümlədən qadın və uşaq, milli azlıqların hüquqlarının müdafiəsinin vacibliyini qeyd etmiş, əsasən erkən nikahların yolverilməzliyi ilə əlaqədar maarifləndirmə işinin genişləndirilməsinin, həmçinin MFP-nin həyata keçirilməsində dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, QHT-lərin və yerli icmaların böyük rolu olduğunu vurğulamiş, seçicilərin hüquqlarının, sərbəst toplaşma azadlığının təmin olunması ilə bağlı tədbirlərin görülməsinin, seçkilərdə fəallıqın, öz seçimini etmək üçün şəraitin yaradılmasının, əməkdaşlığın zəruriliyini qeyd etmiş, eyni zamanda qaldırılan problemlərin həlli məqsədilə müvafiq orqanlara tapşırıqlar vermişdir.
        Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanmışdır.
        Müvəkkil rayon icra başçısı ilə birgə vətəndaşları qəbul etmiş, onların şikayətlərini arasdıracağını və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəyini bildirərək hüquqi məsləhətlər vermişdir.
        E.Süleymanova Şəhidlər üçün tikilmiş abidəyə baş çəkmiş, rayonda abadlıq işlərinin şahidi olmuşdur.
        Səfər çərçivəsində Ombudsman yeni tikilmiş Lerik Rayon Polis Şöbəsinin beynəlxalq standartlara cavab verən müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, hüquq pozuntuları, saxlanılanlara qarşı kobud rəftar aşkar edilməmiş, şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılanların şikayətləri olmamışdır.


    31.07.2008 | 

    Geri 



    Yeni bülletenlər
    [ 30.08.2008 ] OMBUDSMANIN QƏBUL OTAĞINDAN

    [ 30.08.2008 ] DÖVRİ MƏTBUATDA DƏRC OLUNAN YAZILAR

    [ 30.08.2008 ] AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI

    [ 30.08.2008 ]  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI

    [ 27.08.2008 ] Ombudsmanın müraciətləri əsasında bu günədək 240 məhkum əfv olunmuşdur

      © 2007  Ombudsman.gov.az