Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi məqsədilə Astara rayonunda ictimai dinləmələri davam etdirmişdir.
İctimai dinləmədə bu bölgə üzrə seçilmiş millət vəkili Vasif Əliyev, Astara rayonunun icra hakimiyyəti və bələdiyyələrinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, ağsaqqallar şurasının, ictimai qurumların, yerli qeyri-hökumət təşkilatları və KİV-lərin, habelə icmaların nümayəndələri iştirak etmişlər.
İnsan Hüquqları üzrə Müvəkkil Azərbaycanın cənub qapıları olan Astara sakinlərini salamlamışdır. O, ölkəmizdəki inkişaf, həyata keçirilən demokratik-hüquqi və sosial-iqtisadi islahatlar barəsində geniş məlumat vermiş, insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. Ombudsman MFP-nin təsdiq edilməsindən ötən müddət ərzində bu sahədə xeyli işlərin görüldüyünü, ölkəmizin bütün rayonlarında sənədin tətbiqi ilə bağlı ictimai dinləmələrin keçiriləcəyini söyləmişdir.
E.Süleymanova yaxın günlərdə mühüm əhəmiyyət kəsb edən Prezident seçkisi kampaniyasına start veriləcəyini bildirmiş, artıq Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi tadbirlər planı və təlimatlar haqqında məlumat vermişdir. O, seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin vacibliyini vurğulamış, dairə seçki komissiyalarının, icra hakimiyyəti orqanlarının, polisin üzərinə düşən vəzifələr barədə danışmış, müvafiq tövsiyələr vermişdir.
Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bu tədbirin təşkilinə görə Ombudsmana minnətdarlığını bildirmiş, MFP-nin qəbul olunmasının əhəmiyyətini qeyd edərək, bu sənəd üzrə burada müvafiq tədbirlərin görüldüyünü söyləmişdir. O, Azərbaycan Respublikası Prezidentinin bu rayonda quruculuq işərinin aparılması üçün bir neçə dəfə Astaraya gəldiyini, həmçinin rayonda abadlıq işlərinin aparıldığını, Heydər Əliyev muzeyinin, yeni telefon rabitə stansiyasının, yeni məktəblərin, sosial və səhiyyə obyektlərinin, uşaq əyləncə mərkəzinin, Qarabağ əlilləri üçün 32 mənzillik evlərin tikildiyini, asfalt yolların çəkildiyini, kəndlərin işıq və qazla təmin olunduğunu, yerli sahibkarlara geniş imkanlar yaradıldığını diqqətə çatdırmışdır.
Tədbirdə iştirak edən millət vəkili V.Əliyev ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətinə görə Ombudsmana minnətdarlığını bildirmiş, parlamentdə Müvəkkilin illik məruzələrinin hər zaman maraqla dinlənildiyini və cəmiyyət tərəfindən müsbət qarşılandığını vurğulamışdır. O, tolerant ölkə kimi Azərbaycanda hər bir kəsin, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşıldığı, ölkəmizin sosial-iqtisadi inkişafı, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi, həmçinin MFP-də insan hüquq və azadlıqlarının təmini istiqamətində mühüm müddəaların təsbit olunması barədə məlumat vermişdir.
Bələdiyyə üzvləri, Ağsaqqallar Şurasının, Uşaq Fondunun yerli təmsilçiləri, ictimai təşkilatların nümayəndələri ve digər iştirakçılar çıxiş edərək, bu tədbirin təşkilinə görə Ombudsmana təşəkkürlərini bildirmiş, müzakirə olunan məsələ ətrafında öz mülahizələrini söyləmişlər. Rayonda müsbət təcrübə, o cümlədən icra başçısı tərəfindən hər həftə səyyar qəbulların keçirildiyi, QHT-lərin, nəcib qızlar və gənclər təşkilatlarının yaradılması, səmərəli fəaliyyət göstərməsi barədə məlumat verilmişdir. Eyni zamanda bir sıra problemlər aqrar islahatları zamanı torpaqların bölüşdürülməsində nöqsanlar, torpaqların paylanması zamanı müvafiq aktların verilməməsi, ayrılmış torpaq sahələrində kiçik texnikanın istifadəsində çətinliklər, gömrük-keçid məntəqəsində yaradılan maneələr və digər qüsurlar diqqətə çatdırılmışdır.
Müvəkkil səsləndirilən problemlərin aradan qaldırılması məqsədilə səylərin birləşdirilməsinin vacibliyini, Kənd Təsərrüfatı Nazirliyinə, Torpaq və Xəritəçəkmə Komitəsinə və digər müvafiq orqanlara müraciət edəcəyini bildirmişdir. O, MFP-nin həyata keçirilməsində dövlət orqanları ilə yanaşı, QHT-lərin, vətəndaş cəmiyyətinin, yerli icmaların böyük rolu olduğunu vurğulamişdır. Ombudsman seçicilərin hüquqlarının, sərbəst toplaşma azadlığının təmin olunması ilə bağlı tədbirlərin görülməsinin, seçkilərdə fəallıqın, öz seçimini etmək üçün şəraitin yaradılmasının birgə əməkdaşlığın vacibliyini qeyd etmiş, həmçinin qaldırılan problemlərin həlli məqsədilə müvafiq orqanlara tapşırıqlar vermişdir.
DSK-nın sədri, rayon prokuroru və polis rəisi rayonda seçkilərə hazırlıq prosesi, seçiçi siyahılarının təkmilləşdirilməsi, əhalinin şəxsiyyət vəsiqələri ilə təmin olunması, rayon polis şöbəsi, pasport və qeydiyyat şöbəsinin vətəndaşlara bu sahədə göstərdiyi xidmətlər barədə məlumat vermişlər.
Tədbirin sonunda iştirakçılara MFP-nin nüsxələri, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər paylanmışdır.
Müvəkkil Astara rayonunda yerləşən Sərhəd Qoşunlarının hərbi hissələrində olmuş, şəxsi heyətin xidmət şəraiti, qidalanması, hərbi biliklərə yiyələnməsi vəziyyəti ilə maraqlanmış, zabit və əsgər heyətinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi bir zamanda hərbi qulluqçuların döyüş və peşə hazırlığı səviyyəsinin, vətənpərvərlik hislərinin daha da artırılmasının zəruriliyini qeyd etmişdir. O, hərbi hissədə yüksək intizamın, təmizliyin hökm sürdüyünü müşahidə etmiş, zabit və əsgərlərə hərbçi hüquqlarının qorunmasının ölkənin hərbi qüdrətinin artırılmasında mühüm rolunu vurğulamış, hərbi hissə rəhbərliyinə öz tövsiyələrini vermişdir.
E.Süleymanova eyni zamanda Astarada yerləşən Azərbaycan-İran sərhəd-keçid məntəqəsində olmuş, sərhədçilərin və gömrük əməkdaşlarının iş şəraiti ilə maraqlanmış, burada sərhədi keçənlərin hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tövsiyələr vermişdir.
Səfər çərçivəsində Ombudsman Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, hüquq pozuntuları, saxlanılanlara qarşı kobud rəftar aşkar edilməmişdir. Şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılanların, o cümlədən buradakı xarici vətəndaşların şikayətləri olmamışdır.
|