Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ramazan Bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb

04-06-2019 43 dəfə oxunub
Ombudsman Ramazan Bayramı ərəfəsində  xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Qayğı” Uşaq Reabilitasiya Mərkəzində təşkil olunmuş tədbirdə iştirak edib. 

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva qonaqları salamlayıb, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi təşkilatın məqsədlərinin xüsusi qayğıya ehtiyacı olan, o cümlədən bu Mərkəzdə  serebral iflici olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsindən ibarət olduğunu vurğulayıb.

Elmira Süleymanova 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və qarşıdan gələn Ramazan Bayramı münasibətilə uşaqları, onların valideynlərini və Mərkəzin kollektivini təbrik edərək xoş arzularını bildirib

Ombudsman bütün uşaqların, o cümlədən bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların inkişafı üçün zəruri tədbirlərin görüldüyünü, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən Daun auitizm sindromları, serebral iflici olan uşaqlara qayğı göstərildiyini bildirib. 

Bu tədbirə görə təşkilatçılara, o cümlədən serebral iflici olan uşaqların da vəziyyətini diqqətdə saxlayan, onların sosial reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma böyük həvəslə, bacarıqla rəhbərlik edən Sevinc Abdullayevaya fəaliyyətinə görə təşəkkürlər edib.  

Tədbirdə Mərkəzi bu il bitirərək ümumtəhsil məktəbinə getməyə hazırlaşan uşaqların hər birinə xüsusi diplom, foto albom, məktəbli çantası və digər hədiyyələr təqdim olunub. 

Uşaqlar özləri şeirlər söyləyib və rəqs nümunələri ilə çıxış edib və daha sonra nağıl qəhrəmanları tərəfindən uşaqlar üçün musiqili əyləncə təşkil edilib.

Yeri gəlmişkən, İnsan Hüquqları Aylığı çərçivəsində və Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ombudsman “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüb, onları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu Mərkəzin  direktor müavini Zərifə Məmmədovaya təqdim etdiyi “Qızıl çinar” beynəlxalq mükafat münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.