Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi cənab Bruno Puezanı
qəbul etmişdir.
Ombudsman qonağın təmsil etdiyi nüfuzlu qurumun
beynəlxalq aləmdə aparıcı mövqeyə malik olduğunu, sülhün, sabitliyin,
demokratik dəyərlərin bərqərar olunmasında məqsədyönlü fəaliyyət
göstərdiyini diqqətə çatdırmışdır. Demokratiya, insan hüquqlarının
qorunması, vətəndaş cəmiyyətinin inkişafı uğrunda səylərin bu
təşkilatla Azərbaycan arasındakı tərəfdaşlığın özəyini təşkil etdiyi
vurğulanmışdır. Ombudsman təsisatının BMT-nin struktur bölmələri ilə
qarşılıqlı əlaqələr çərçivəsində birgə layihələr həyata keçirildiyini
önə çəkmişdir.
B.Pueza səmimi qəbul üçün təşəkkür edərək,
Ombudsmanın işinin məsuliyyətli olduğunu, insan hüquqları sahəsində
səmərəli fəaliyyət göstərdiyini, təmsil etdiyi qurumun Müvəkkillə
əməkdaşlığa önəm verdiyini qeyd etmişdir.
Müvəkkil bu il Ermənistanın Azərbaycana qarşı
təcavüzünün 20 ilinin tamam olacağını söyləmiş, bu təcavüz nəticəsində
torpaqlarımızın 20 faizinin zəbt edildiyi, 20 mindən çox soydaşımızın
həlak olduğu, bir milyondan artıq həmvətənimizin qaçqına və məcburi
köçkünə çevrildiyini vurğulamışdır. Bu ağrılı hadisələrin ildönümü ilə
bağlı bir sıra tədbirlərin, o cümlədən “Qadınlar və uşaqlar müharibələr
və münaqişə şəraitində” mövzusunda konfransın təşkilinin nəzərdə
tutulduğu qeyd olunmuşdur.
2008-ci ilin digər mühüm hadisələrlə yadda
qalacağını, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 60, Avropa İnsan
Haqları Konvensiyasının 55, Azərbaycan Demokratik Cümhuriyyətinin 90
illiyinin tamam olacağını söyləmişdir. Bu mühüm Bəyannamənin əlamətdar
ildönümü ilə bağlı kampaniyaya artıq start verildiyi, insan
hüquqlarının təbliği və həyata keçirilməsi sahəsində səylərin
birləşdirilməsinin, BMT-nin müvafiq strukturları ilə birgə tədbirlərin
keçirilməsinin vacibliyi vurğulanmışdır.
E.Süleymanova bu il ilk dəfə olaraq 18 iyun
tarixinin Azərbaycanda İnsan Hüquqları günü kimi qeyd olunacağını,
həmin əlamətdar hadisə ilə bağlı beynəlxalq konfransın təşkilinin
planlaşdırıldığını bildirmiş, bununla əlaqədar dəstək verilməsini xahiş
etmiş, gələcək əməkdaşlıq üzrə digər təkliflər vermişdir.
Qonaq Ombudsman təsisatı ilə əməkdaşlığa hər
zaman hazır olduğunu, xarici donorların imkanlarından istifadə etməklə
yardımçı olacaqlarını söyləmişdir.
Görüşün sonunda Müvəkkil səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə inamını ifadə etmişdir.
|