Şuşaya aparan yollarla

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, onun uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbinin üzvləri, Bakı şəhəri üzrə orta məktəblərin şagirdləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

İlk olaraq Ombudsman, Füzuli və Cəbrayıl rayon icra hakimiyyətlərinin başçıları Alı Alıyev və Kamal Həsənov Horadiz şəhərində “Aprel Şəhidlərinə Xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz ruhuna dərin ehtiramlarını bildiriblər.

Müvəkkil Abidənin önündə cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşərək, onları bu ilin aprel ayında ölkəmizdə uğurla keçirilən ədalətli, şəffaf seçkilər nəticəsində cənab İlham Əliyevin yenidən ölkə Prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib. O, ilk qələbə müjdəsi olan 2016-cı ilin Aprel zəfərinin əhəmiyyətindən danışıb, işğal altında olan bütün torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına inamını ifadə edib.

E.Süleymanova dayandığımız bu yolların Cocuq Mərcanlıya, Şuşaya doğru apardığını söyləyib, dövlət başçısının qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində Cocuq Mərcanlıya qayıtdığımız kimi, hazırda işğal altında olan digər torpaqlarımıza da qayıdacağımızı bildirib.

Ombudsman Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd edildiyini vurğulayaraq, onun həyatından, müstəqil Azərbaycanın və milli ordunun quruculuğundakı tarixi xidmətlərindən danışıb.

O, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini qeyd edərək, həmin dövrdə yaradılmış, böyük uğur olan Milli ordumuzun da bu il 100 ilinin tamam olmasını bildirib, əsgər və zabitləri bu münasibətlə təbrik edib, onlara yeni qələbələr arzulayıb.

Daha sonra, 1945-ci ildə Faşizm üzərində Qələbənin 73-cü ildönümünün qeyd edərək, həmin müharibədə soydaşlarımızın qəhrəmanlıqlarından söz açıb, faşizmin məğlubiyyətə uğradılmasında böyük rolu olmuş xalqımızın tezliklə erməni faşizmi üzərində də qələbə qazanacağına böyük inamını ifadə edib.

Cocuq Mərcanlıya gələn Müvəkkil Cəbrayıl rayon icra hakimiyyətinin başçısı ilə birgə şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olub, müəllim və şagirdlərlə, valideynlər və kənd sakinləri ilə görüşüb.

O, ölkə Prezidenti tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını qeyd edərək, müstəqilliyimizin bərpasından sonra dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın firavanlığı və ölkəmizin davamlı inkişafına xidmət edən Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində geniş islahatların aparıldığını, qanunun aliliyinin, habelə insan hüquq və azadlıqlarının, o cümlədən uşaq hüquqlarının təmin edildiyini diqqətə çatdırıb.

Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonların zəbt edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulması və onların vəziyyətinin təkmilləşməsi ilə bağlı bir sıra proqramların həyata keçirildiyi bildirilib.

Cocuq Mərcanlının qısa müddət ərzində böyük dağıntılardan bərpa olunması, burada sürətli tikinti-abadlıq işlərinin aparılması, infrastrukturun yaradılması, yerli əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ölkə Prezidentinin və xalqımızın birliyinin göstəricisi olduğu diqqətə çatdırılıb. Bu yeni qəsəbənin salınması ilə işğalda olan torpaqlarımızın azad edilməsi istiqamətində Böyük Qayıdış Proqramının başlanğıcının qoyulduğu, respublikamızın ərazi bütövlüyünün təmin olunmasına, dövlət bayrağımızın hazırda işğal altında olan torpaqlarımızda dalğalanacağına bir inamın göstəricisi olduğu vurğulanıb.

Müvəkkil məktəbin kitabxanasına uşaqlar üçün ensiklopediya, “Qısa İslam Ensiklopediyası” və “Bunları bilmək istəyirəm” adlı intellektual ensiklopediya hədiyyə edərək, müəllim və şagirdlərin bu kitablardan yararlanmasını, dərs prosesində geniş istifadə edilməsini, həmçinin şagirdlərin rus və digər xarici dilləri mükəmməl öyrənməsini tövsiyə edib.  

Ombudsman Cocuq Mərcanlıya səfəri çərçivəsində N saylı hərbi hissənin ön xəttə yerləşən bölüyünə gələrək, düşmənlə üzbəüz cəsarətlə dayanan əsgər və zabitlərlə də görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

O, hərbçilər qarşısında çıxış edərək, 1994-cü ildə Prezident Heydər Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan Ordusunun cəbhənin Füzuli istiqamətində həyata keçirmiş uğurlu Horadiz əməliyyatından, habelə ölkəmizin inkişafındakı misilsiz xidmətlərindən söz açıb.

Daha sonra, Müvəkkil Azərbaycan ordusunun uğurlu əks həmləsi nəticəsində azad edilmiş strateji yüksəklik olan əfsanəvi Lələtəpədə Dövlət bayrağımızın sancılmasının soydaşlarımızda böyük qürur hisslərini yaşatdığını söyləyib. Həmin döyüşlərdə şücaət göstərmiş, yüksək orden və medallarla təltif olunan döyüşçülərin şərəfli xidmətlərini vurğulayaraq, bu əsgər və zabitlərə də belə qələbələr yaşamağı arzulayıb.

Müvəkkil Aprel qələbəsinin özülündə ən əvvəl bünövrəsi Ümummilli liderimiz Heydər Əliyev tərəfindən özünəməxsus uzaqgörənliyi ilə qoyulmuş, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmizdə ilk dəfə olaraq hərbi sənayenin yaradılması və qısa müddətdə əldə edilmiş nailiyyətləri, müasir hərbi texnika, sursat və avadanlıq istehsal etməklə ölkənin hərbi potensialının gücləndirilməsi, xalqına sadiq hərbi kadrların yetişdirilməsi olduğunu bildirib.

Qeyd edilməlidir ki, Liderlik məktəbinin üzvü, Həbibbəy Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyinin 7-ci sinif şagirdi, 13 yaşlı Əsgərov Zaur Yusif oğlunun lisey yoldaşları ilə birgə “Əsgərə məktub” kampaniyası çərçivəsində bu ön xətdə olan əsgərlərə məktub yazmaları hərbi qulluqçular tərəfindən müsbət qarşılandı.

E.Süleymanova Cocuq Mərcanlıda tikilmiş və Azərbaycan mədəniyyətinin nadir abidələrindən biri Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, burada şəhidlərimizin ruhuna dualar oxunub, məscidə nəfis hazırlanmış “Qurani-Kərim” və digər dini kitablar hədiyyə edilib. Arzu olunub ki, yaxın zamanlarda işğaldan azad ediləcək Şuşamızdakı məscid də yenidən bərpa olunsun və orada ibadətlər keçirilsin.

1994-cü ilin aprelindən Cocuq Mərcanlıda yaşayaraq, vətənpərvərlik və fədakarlıq nümunəsi göstərən, ölkə başçısının Sərəncamı ilə yüksək ordenlə təltif olunmuş Oqtay Həziyevin evinə də baş çəkib, ailəsi ilə səmimi söhbət edib, onlara xoş arzularını bildirib.

Səfər çərçivəsində KİV-lərə müsahibələr verən Ombudsman diqqətə çatdırıb ki, Ermənistan ordusunun dağıtdığı Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulub, buranın əhalisi üçün hər cür infrastruktura malik yaşayış məntəqəsi salınıb, Şuşa məscidinin bənzəri olan məscid inşa edilib. Bütün bunlar işğal altında olan torpaqlarımıza, o cümlədən Şuşaya qayıdacağımıza inamı daha da artırır. Azərbaycan Ordusu bizə Lələtəpə zəfəri kimi yeni qələbələr yaşadacaq.