Liderlik Məktəbinin üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə onun uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ötən illərdə olduğu kimi, bu il də 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçiriblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə bu qurumun nəzdində yaradılan, Qala qəsəbəsindəki Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzində təşkil edilmiş “Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib. Tədbirdə Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev, ARDNŞ-in səlahiyyətli nümayəndələri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbinin üzvləri iştirak ediblər.

Ombudsman Aparatının əməkdaşı çıxışında Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, birgə tədbirlərin təşkil olunduğu haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə müvafiq sahədə mühüm işlər aparılır, ekoloji tarazlıq balansının gözlənilməsi üzrə tədbirlər görülür, ekoparklar yaranır, əhalinin ekoloji hüquq və vəzifələrinin həyata keçirilməsi, həmin istiqamətdə maarifləndirmə təmin edilir.

Eko Parkın Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev tədbirin keçirilməsi üçün təşəbbüsə, habelə ekoloji hüquqların təmin olunması sahəsində çoxşaxəli fəaliyyətinə, uşaqların ekoloji siyasət layihələrinə cəlb olunmasının təmininə və bu sahədə maarifləndirilmələrinə görə Ombudsmana təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissəsində Liderlik məktəbinin fəal üzvləri, Bakı məktəblərinin şagirdləri Zaur Əsgərov, Nərgiz Əlili və Züleyxa Məmmədli ekoloji hüquqların həyata keçirilməsi sahəsində apardıqları işlər barədə ətraflı məlumat və prezentasiyalar təqdim ediblər. Habelə onların bu mövzuda şeirləri maraqla dinlənilib.

Sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb, Eko Parkın ərazisinə, habelə burada yerləşən və müxtəlif bitkilərlə zəngin olan istixanaya ekskursiya təşkil olunub.