Salyan və Neftçala rayonlarında Uşaq hüquqları üzrə pilləli tədris proqramında fərqlənən şagirdlərə sertifikatlar təqdim olunub

Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilir.

 Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla icra olunan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunmalıdır ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilib.

Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilib.

2017-2018-ci tədris ilində Uşaq hüquqları üzrə pilləli tədris proqramı Salyan rayonu Arbatan kənd və Neftçala şəhər 4 saylı tam orta məktəblərində də uğurla həyata keçirilib.

Ombudsmanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda hər il elan olunan İnsan Hüquqları Aylığı çərçivəsində adı çəkilən məktəblərdə uşaq hüquqları üzrə tədbirlər keçirilib, fərqlənən 110 şagird sertifikatla, 2 direktor və müəllim təşəkkürnamə ilə təltif ediliblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov sertifikatların təqdim edilməsi ilə bağlı tədbirlərdə şagirdləri Elmira Süleymanovanın adından təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb, hüquqlarını mükəmməl öyrənməyi, həmyaşıdlarına bu bilikləri aşılamağı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, həmçinin məktəb rəhbərliyinə bu uşaqların bilik və bacarıqlarından yararlanmağı, məktəbin digər şagirdlərinin də uşaq hüquqları sahəsində biliklərə yiyələnmələrinə şərait yaratmalarını tövsiyə edib.

Qeyd olunmalıdır ki, Salyan rayonu Arbatan kənd tam orta məktəbində keçirilən tədbirə UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Təhsil Nazirliyinin nümayəndəsi, Salyan Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları qatılıblar. Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri qonaqları salamlayıb və layihə barədə onlara geniş məlumat verib.

Edvard Karvardin səmərəli əməkdaşlıq etdiyi Müvəkkilin təşəbbüsü ilə gerçəkləşdirilən Uşaq hüquqları üzrə pilləli tədris layihəsinə böyük önəm verdiyini, layihənin çox əhəmiyyətli olduğunu və uşaqların hərtərəfli inkişafına şərait yaratdığını bildirdi. Qonaq uşaq hüquqları ilə bağlı layihədə iştirak edən uşaqlara suallar ünvanladı və cavablardan çox razı qaldığını bildirdi.

Sonra uşaqlar ermənilər tərəfindən torpaqlarımızın işğalı nəticəsində  qaçqın və məcburi köçkün halına düşmüş uşaqların hüquqlarının kütləvi şəkildə pozulması, habelə valideyn himayəsindən məhrum, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların hüquqları barədə qonağa suallar ünvanladılar və o, bu suallardan   çox  təsirləndiyini qeyd etdi.

E.Karvardin bu vaxta qədər pilləli tədrislə bağlı çox sertifikat imzaladığını, ancaq təqdim edildiyinin şahidi olmadığını bildirərək, BMT-nin Uşaq Hüquqları Konvensiyasının uşaqlara təqdim olunduğunu da çox yüksək qiymətləndirdi. O, uşaqlara yaxınlaşaraq Konvensiyadan necə istifadə etdiklərini, onu necə başa düşdüklərini, şəkillərin əhəmiyyətli olub-olmadığını və nəşrdə hər-hansı bir çatışmazlığın olub-olmamasını soruşdu. Uşaqlar Konvensiyanın çox gözəl tərtib olunduğunu və ən əsası onlar üçün anlaşılan tərzdə hazırlandığını bildirərək, Ombudsmana dərin minnətdarlığını ifadə etdilər.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi bir daha razılığını ifadə edərək, təşəkkürünü bildirdi və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdi.