Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin “N” saylı, həmçinin Daxili Qoşunların və Mülki Müdafiə Qoşunlarının Bərdə şəhərindəki hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, habelə onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr, Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi mövzusunda söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.