Uşaq hüquqları üzrə pilləli tədris proqramında fərqlənən şagirdlərə sertifikatlar təqdim olunub

Məlum olduğu kimi, Azərbaycan Respublikasının  İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi nəzərdə tutulub.

Qeyd olunmalıdır ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin inkişaf etdirilməsinə yönəldilib.

Ombudsman təsisatında hazırlanmış “Uşaq Hüquqları Konvensiyası” adlı kitabça və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilib.

2017-2018-ci tədris ilində Bakı şəhərinin hər bir rayonu və Balakən, Qax, Şəmkir, Samux, Şabran, Xaçmaz, Salyan və Neftçala rayonları üzrə hər birində bir məktəb olmaqla, ümumilikdə 20 məktəbdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına yekun vurulub.

İnsan Hüquqları Aylığı çərçivəsində həmin məktəblərdə tədbirlər təşkil olunub və fərqlənən 1345 şagird sertifikatla, 20 direktor və 52 müəllim təşəkkürnamə ilə təltif ediliblər.

Ombudsman Aparatının əməkdaşları sertifikatların təqdim edilməsi ilə bağlı keçirilən tədbirlərdə şagirdləri Müvəkkil Elmira Süleymanovanın adından təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb, hüquqlarını mükəmməl öyrənməyi, həmyaşıdlarına bu bilikləri aşılamağı və üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi, həmçinin məktəb rəhbərliyinə bu uşaqların bilik və bacarıqlarından yararlanmağı, məktəbin digər şagirdlərinin də uşaq hüquqları sahəsində biliklərə yiyələnmələrinə şərait yaratmalarını tövsiyə ediblər.

Xəbər verildiyi kimi, Salyan rayonu Arbatan kənd tam orta məktəbində keçirilən belə tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin də iştirak edib və səmərəli əməkdaşlıq etdiyi Müvəkkilin təşəbbüsü ilə gerçəkləşdirilən Uşaq hüquqları üzrə pilləli tədris layihəsinə böyük önəm verdiyini, layihənin çox əhəmiyyətli olduğunu və uşaqların hərtərəfli inkişafına şərait yaratdığını bildirib. Qonaq uşaq hüquqları ilə bağlı layihədə iştirak edən uşaqlara suallar ünvanladı və cavablardan çox razı qaldığını söylədi.

Ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramına Bakı şəhərinin bütün rayonlarının, ölkənin 32 şəhər və rayonunun 170-dən çox məktəbi cəlb edilmiş, bu prosesdə fərqlənmiş 10 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 800-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.