Ombudsman Aparatının əməkdaşı “Pulsuz hüquqi yardım” Layihəsinin təqdimatı ilə bağlı tədbirdə iştirak etmişdir

Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Lahiyəsi çərçivəsində “Pulsuz hüquqi yardım” layihəsinin təqdimatında iştirak etmişdir.

Tədbirdə beynəlxalq ekspert, Hüquqi yardım layihəsi üzrə Proqram meneceri Professor Demetrius Floudas, Layihə üzrə kordinator Əhməd Rəştiyev, Hüquqi yardım layihəsi üzrə ərazi kordinatoru Araz Paşayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Vəkillər Kollegiyasının üzvləri, müstəqil ekspert və gənc hüquqşünaslar iştirak etmişlər. Tədbirdə qeyd edilmişdir ki, icraçısı QHT və fərdi hüquqşünaslar olan “Pulsuz hüquqi yardım” komponenti üzrə aparılan işlərin əsas məqsədi qadınlar, yeniyetmələr, məcburi köçkünlər, etnik və milli azlıqlar, aztəminatlı ailələr də daxil olmaqla əhalinin ən həssas qrupları üçün faydalı olmağa çalışmaq, məhkəmə xidmətlərinin əlçatan olmasını təmin etməkdən ibarətdir.

Ombudsman Aparatının əməkdaşı R.Novruzov tədbirdə çıxış edərək pulsuz hüquqi yardımın tətbiq olunması, hər bir şəhər və rayonlarda vəkillik xidmətlərinin təmin edilməsi, vəkillərin sayının artırılması və müntəzəm fəaliyyət göstərən hüquq məsləhətxanalarının yaradılması barədə təkliflərin Müvəkkil Elmira Süleymanovanın illik məruzələrində davamlı olaraq əks etdirildiyini, hazırkı layihənin icrasında bu təkliflərin də müstəsna əhəmiyyətinin olduğunu vurğuladı.

O, Müvəkkilin şikayətlərə baxılması üzrə fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermiş, Ombudsmanın ünvanına daxil olan bütün müraciətlərlə bağlı qanunamüvafiq tədbirlərin görüldüyünü, müraciət müəlliflərinə məlumat və hüquqi məsləhətlərin verildiyini,  istər Ombudsman Aparatında, istərsə də onun regional mərkəzlərində vətəndaşların qəbulu zamanı, o cümlədən çevik araşdırma qrupunun yerlərdə həyata keçirdiyi araşdırmalar zamanı əhali qruplarına müvafiq hüquqi məsləhətlərin verildiyini qeyd etmişdir.

R.Novruzov qeyd olunan layihə çərçivəsində dövlət qurumları, o cümlədən Ombudsman Aparatı və onların regional strukturları ilə əməkdaşlığın vacib olduğunu, layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt və Şirvan rayonlarında həyata keçirilən pilot hüquqi xidmətlərin cənub regionunda da tətbiq edilməsini, bu layihənin icrası zamanı rayon mərkəzlərinin ucqar kəndlərlə əlaqələndirilməsi prosesinə yerli icmaların, xüsusən aktiv gənclərin cəlb olunmasını, həmçinin layihənin əhatə edəcəyi həssas qrupların dairəsinə miqrantların da əlavə olunmasını, ümumilikdə bu sahədə maarifləndirmə və təbliğat işinin daha da genişləndirilməsini təklif etmişdir.                                                                       

Üç sessiyada təşkil olunmuş seminarda “Pulsuz hüquqi yardım” layihəsinin strateji fəaliyyət planı üzrə metodologiyası, hüquqi yardımın təşkili və hayata keçirilməsi xüsusiyyətləri və bu səhədə beynəlxalq təcrübə ilə əlaqədar təqdimatlar həyata keçirilmiş, yazılı sorğular paylanılmış, təklif və rəylər səsləndirilmişdir.