Ombudsman Aparatının əməkdaşı “Bir uşaq bir dünya” adlı layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib

Gənc Vətəndaş Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “Bir uşaq bir dünya” adlı layihəsi çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” məsələlərinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və jurnalistlərin iştirakı ilə keçirilən tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun böyük məsləhətçisi İlahə Əfqanlı iştirak edib.

O, uşaq hüquqlarının insan hüquqlarının tərkib hissəsi olduğunu önə çəkərək, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın uşaq hüquqları üzrə xüsusi ixtisaslaşmış müşavirinin fəaliyyət göstərməsi, uşaq hüquqlarının qorunması üzrə effektiv hüquq müdafiə mexanizmi kimi Ombudsmanın səlahiyyətləri və əsas fəaliyyət istiqamətləri, bu sahədə müraciətlərin araşdırılması, aparılmış maarifləndirmə tədbirləri, monitorinqlər, qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılması istiqamətində irəli sürülmüş təkliflər, Müvəkkilin 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətti haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Habelə qeyd olunub ki, hüquqi maarifləndirmə məqsədi daşıyan, Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-cu ildən Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. Uşaqların interaktiv tərzdə iştirakı ilə gerçəkləşdirilən tədris proqramı uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır.

Qeyd edilməlidir ki, ümumilikdə 2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən layihəyə ölkədəki 170-dən çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 10 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 800-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.

Tədbirdə həmçinin Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinın nümayəndəsi də iştirak edərək, uşaq hüquqlarının maarifləndirilməsi istiqamətində Ombudsman Aparatı ilə əməkdaşlıqda görülən işlər haqda ətraflı məlumat verib.

Dəyirmi masa iştirakçıları mövzu ilə bağlı fikirlərini söyləyib, jurnalistlərin sualları cavablandırılıb, uşaq hüquqlarının cəmiyyətdə təbliği, uşaqlara qarşı zorakılıqlara son qoyulması ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparılıb.