Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti tədbir qaçqın uşaqlar üçün keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr - 20 noyabr tarixlərində ənənəvi olaraq elan edilən Uşaq Hüquqları Aylığı çərçivəsində paytaxt və regionlarda uşaq hüquqları sahəsində silsilə tədbirlər həyata keçirilir.

Bu günlərdə Ombudsman Aparatının və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə ölkəmizdə qaçqın ailələrdən olan uşaqlar və onların valideynləri üçün tədbir keçirilmişdir. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova və Ombudsman Aparatının sektor müdiri Turan Cahangirova çıxış edərək, insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, dövlətdaxili və beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar barədə iştirakçılara ətraflı məlumat veriblər.

T.Cahangirova çıxışında Ombudsmanın digər hüquqlarla yanaşı uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi sahəsində Konstitusiya Qanunu əsasında həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təklif və tövsiyələri, eyni zamanda təsisatda uşaqlarla bağlı 916 qaynar xətt xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Habelə qeyd olunub ki, ölkə Ombudsmanının və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Bakı və regionlardakı orta ümumtəhsil məktəblərində 2009-cu ildən Uşaq Hüquqları üzrə pilləli uşaq hüquqlarının tədrisi proqramı uğurla həyata keçirilir. O, tətbiq edilən beynəlxalq hüquqi aktların müddəaları barədə danışaraq,  Uşaq hüquqları Konvensiyasının 22-ci maddəsinə əsasən, “qaçqın” statusu almaq niyyətində olan və ya qaçqın uşağın, həmçinin hər hansı bir səbəbdən öz ailə mühitindən daimi və ya müvəqqəti məhrum olmuş uşaqların müdafiəsi, humanitar yardımla təmini, o cümlədən öz valideynlərini və ya digər ailə üzvlərini axtarıb tapması, ailə birləşməsi üçün gərəkli məlumat almasına dəstək verilməsi və bu sahədə əlaqələndirmənin gücləndirilməsi məqsədilə BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Müvəkkilin nümayəndəsi Azərbaycan Respublikasının yurisdiksiyasında olan hər bir uşağın layiqli insan kimi yetişməsi, onların fiziki və mənəvi inkişafı, təhsil, sağlamlıq və digər ehtiyaclarının dolğun şəkildə ödənməsinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Qeyd edilib ki, ölkəmizdə “Azərbaycan 2020: Gələcəyə baxiş İnkişaf Konsepsiyası” və BMT-nin “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”nin icrası məqsədilə “Uşaq Strategiyası” və “Uşaq Məcəlləsi”nin hazırlanması prosesinə artıq başlanılıb, həmin sənəddə miqrant və qaçqın uşaqlar da bağlı müddəaların daxil edilməsi nəzərdə tutulub.

Bildirilib ki, hazırda dünyada baş verən miqrant böhranı nəticəsində minlərlə uşaq istismar, təzyiq və digər qanunsuzluqlara məruz qalır, bu səbəbdən məcburi yerdəyişməyə məruz qalmış uşaqların təhlükəsizliyinin təmini məqsədilə müasir beynəlxalq çağırışlara cavab verən bu kimi normaların qəbulu olduqca vacibdir.

Tədbir mövzu ətrafında maraqlı diskussiyalarla davam edib, uşaqlara hədiyyələr və Ombudsman Aparatı tərəfindən çap olunmuş maarifləndirici nəşrlər paylanılıb.

İştirakçılar Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinə görə ölkə Ombudsmanına və Dövlət Miqrasiya Xidmətinə təşəkkürlərini bildiriblər.