DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilmişdir.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılmasından ibarət olmuşdur.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılmış, müəssisədə saxlanılan bir sıra şəxslər fərdi qaydada qəbul edilmişlər. Həmin şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından, saxlanma şəraitindən, müraciətlərinin təmini məsələlərindən şikayət etməmişlər.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olundu. Fərdi qaydada dinlənilən zaman bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verildi və müraciətləri aidiyyəti qurumlar qarşısında qaldırılacaqdır.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparıldı, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verildi.