Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə baxışlar keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları başçəkmələri müntəzəm qaydada davam etdirir.

Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hospitalına və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinə plan üzrə baxışlar keçiriblər.

Aparatın əməkdaşları tərəfindən Daxili Qoşunların əsaslı təmir olunmuş hospitalının bütün şöbələrinə baxış keçirilib, hərbi qulluqçuların müayinə və müalicəsi üçün yaradılmış şərait, o cümlədən müayinə və müalicə işinin təşkili, həmçinin hospitalda müalicə alan hərbi qulluqçular üçün yaradılmış istirahət guşələrinin vəziyyəti müsbət qiymətləndirilibdir.

Ombudsman Aparatının əməkdaşları həmçinin, Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, ərzaq və əşya anbarına, hamam və camaşırxanaya, tibb hissəsinə, əsgərlərlə görüş otağına baxış keçiriblər. Həmin hərbi hissənin bütün obyektlərinin əsaslı təmir olunması, görüş otağında yaradılmış şərait, əsgərlərlə ailələrinin və qohumlarının əlaqə saxlamaları üçün qaynar xəttin və hərbi hissə komandirinin aktiv olan əlaqə nömrəsinin görüş otağında qeyd edilməsini müsbət hal olaraq qiymətləndirilib. Bununla yanaşı onlar şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların  hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, eyni zamanda 2018-ci ilin Cümhuriyyət İli kimi qeyd olunması, Milli Ordunun yaradılmasının və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradlar haqqında söhbətlər aparıb, hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıblar. Hərbi qulluqçularla hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Ombudsman Aparatının əməkdaşları tərəfindən görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissənin komandanlığına müvafiq tövsiyələr verilibdir.