Ombudsman Aparatının əməkdaşı ADA Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib

Bu günlərdə ADA Universitetində “Avropaya yanaşarkən: milli gündəmlər və ümumi hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Rumıniyanın Avropa İttifaqı Şurasında sədrliyinə həsr olunan konfransda bu ölkənin Azərbaycandakı səfiri Dan Yanki çıxış edərək bildirib ki, onlar regionda əməkdaşlığı, sabitliyi, təhlükəsizliyi gücləndirmək üçün səy göstərmək əzmindədirlər, həmçinin qonşularla əlaqələri genişləndirməyi hədəfləyirlər. Azərbaycanın da iştirak etdiyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əlaqələrin nəzərdə tutulduğunu qeyd edən səfir Rumıniyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına yönələcəyini vurğulayıb.

Beynəlxalq konfrans Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Rumıniyanın keçmiş xarici işlər naziri Lazar Komaneskyunun iştirakı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilib.

Azərbaycanda Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən bir sıra layihələrdə, o cümlədən Tvinninq, TAİEX və digər proqramlarda iştirak edərək müsbət təcrübə qazanmış Ombudsman təsisatını həmin tədbirdə Aparatın Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Aydan Talıbova təmsil edib.

Tədbirdə çıxış edən Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib ki, Avropa İttifaqı ilə əlaqələrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsi mühüm yer tutur. Azərbaycan dünyanın enerji xəritəsini dəyişdirə biləcək TANAP, TAP kimi irimiqyaslı enerji layihələrini həyata keçirir. Bundan əlavə ölkəmiz Avropanı Asiya ilə bağlayacaq bir sıra böyük nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və iştirakçısı kimi də çıxış edir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə Azərbaycanla Aİ arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin fevral ayının ortalarında keçiriləcəyini və danışıqların, əsasən, ticarət və siyasət mövzularını əhatə edəcəyini bildirib.

Konfransın sonunda Azərbaycanın regionda həm də enerji təhlükəsizliyinin təminatında mühüm rol oynadığı, İttifaqa üzv ölkələrin bu sahədə əməkdaşlığın inkişafında maraqlı olduqları diqqətə çatdırılıb.