Ombudsman Cəlilabad rayonuna səfər edib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzləri səmərəli fəaliyyət göstərir. Ombudsmanın tapşırıqlarına əsasən, həmin regional mərkəzlərin əməkdaşları əhatə etdikləri bölgələrdə, o cümlədən ucqar kəndlərdə əhali ilə mütəmadi olaraq görüşlər keçirir, onların müraciətlərini dinləyir, ərizələrini qəbul edir, yerində araşdırmalar aparır və Ombudsmanın icraatına yönəldirlər.

Müvəkkil Elmira Süleymanova Cənub bölgəsinə səfəri çərçivəsində Cəlilabad Regional Mərkəzi ilə görülən işləri müzakirə edib. O, mərkəzin əməkdaşlarına yerli sakinlərdən, vətəndaşlardan qəbul edilmiş ərizə və şikayətlərin yerində araşdırılması, dərhal Ombudsmana göndərilməsini, insanların müraciətlərinə həssas və peşəkarlıqla yanaşmalarını, həmçinin insan hüquqları ilə bağlı silsilə maarifləndirmə tədbirlərinin regionda davam etdirilməsini tapşırıb.

Sonra Müvəkkil Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb, rayonda aparılan geniş abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə ətraflı məlumat alıb.

Ombudsman Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə bu rayondan Müvəkkilin ünvanına daxil olmuş müraciətləri araşdırıb, bəzisi yerində həll olunub, müvafiq tədbirlər həyata keçirilib.