Ombudsmanın Milli Preventiv Qrupu Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçirmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri növbəti başçəkməni əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında keçirmişlər.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

Bu baxımdan müraciətlərin, saxlanılma şəraitinin, rəftar məsələlərinin, habelə tibbi yardım, qidalanma və digər hüquqların təminatı vəziyyətinin araşdırılması ilə bağlı bu müəssisədə bir çox təqsirləndirilən şəxslər konfidensial qaydada qəbul olunmuşlar.

Başçəkmə çərçivəsində həmin istintaq təcridxanasında saxlanılan Azad Həsənov da MPQ üzvləri tərəfindən konfidensial qəbul olunmuş, müraciəti dinlənilmiş və nəticədə, o, yemək qəbulundan imtina ilə bağlı aksiyasını dayandırmışdır.

Qəbul olunmuş şəxslərin hüquqlarının təmini vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, onlardan bəziləri barələrində aparılan cinayət işləri üzrə istintaqdan, məhkəmə hökmlərindən narazılıqlarını bildirmişlər.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərə hüquqları izah edilmiş, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunmuş, qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, bir sıra müraciətlər isə yerində təmin edilmişdir.

Qeyd olunanlarla yanaşı, bu müəssisə üzrə Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icrası vəziyyəti də yerində yoxlanılmış, saxlanılan şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə söhbətlər aparılmış və müvafiq tövsiyələr verilmişdir.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.