Ombudsmanın Beynəlxalq Miqrasiya Təşkilatı ilə ikitərəfli əlaqələri genişlənir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Giorgiyevi qəbul edib.

Görüşün məqsədi BMqT və Ombudsman Aparatının miqrantların insan hüquqlarının müdafiəsi, habelə onların gəlmə səbəbləri və tərkibi nəzərə alınmaqla zəruri ehtiyaclarının ödənilməsi və cəmiyyətə inteqrasiyası sahəsində, o cümlədən hazırda ölkəmizdə hazırlanmaqda olan “2019-2023-cü illər üzrə beynəlxalq miqrasiyanın idarəedilməsinə dair Azərbaycan Respublikasının Strategiyası”, “2019-2024-cü illər üzrə Azərbaycan Respublikasının Miqrasiya üzrə Milli Strategiyası” və “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın insan hüquqları kontekstində həyata keçirilməsi üzrə qarşılıqlı əməkdaşlıq istiqamətlərini müzakirə etməkdən ibarət olub.  

Qonağı salamlayan Müvəkkil Azərbycanda miqrantların hüquqlarının müdafiəsinə dair mövcud vəziyyət, son zamanlarda dünyadakı qlobal miqrant axını baxımından ölkədə genişlənən miqrasiya dinamikası, onun yeni xarakteri və xüsusiyyətləri, müvafiq sahədə mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi, habelə MDB ölkələləri sırasında ilk olaraq qəbul edilmiş Miqrasiya Məcəlləsinin effektiv implementasiyası, readmissiya, repatriasiya, həmçinin sənədsiz miqrantların hüquqlarının müdafiəsi, onların zorakılıq və istismara məruz qalmasının qarşısının alınması məqsədilə innovasiyaların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, miqrantların hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatının gördüyü işlər barədə qonağa məlumat verilərək, Ombudsmanın dörd regional mərkəzinin, təsisatda qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun, eyni zamanda bu sahə üzrə ixtisaslaşmış müşavirin fəaliyyət göstərdiyi, həmin sektorda vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin, ölkəmizdə sığınacaq axtaran şəxslərin də müraciətlərinə baxıldığı, bununla yanaşı ölkədən kənarda yaşayan vətəndaşlarımızın hüquqlarının müdafiəsi məsələsinin daimi Müvəkkilin nəzarətində saxlanıldığı vurğulanıb. O, həmçinin milli prevetiv mexanizm qismində miqrantların saxlanma yerlərinə baş çəkildiyini, onların problemlərinin və ehtiyaclarının öyrənilərək dərhal  araşdırıldığını bildirib.

Ombudsman həmçinin bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində yeni strategiyaların hazırlandığını, bu prosesə qeyri-hökumət təşkilatlarının çəlb olunduğunu, son dövrdə miqrasiya proseslərinin tənzimlənməsi və idarəedilməsi sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən yeni yanaşmalar tətbiq edilməklə görülən işləri xüsusi vurğulayaraq, müsbət nəticələrin əldə edildiyini, o cümlədən bu Xidmətlə yaradılmış sıx əməkdaşlıq sayəsində miqrantların hüquqlarının daha səmərəli həyata keçirilməsinə nail olunduğunu diqqətə çatdırıb.

 Öz növbəsində cənab Vladimir Giorgiyev təmsil etdiyi təşkilatın Azərbaycanda məcburi köçkün və miqrantların hüquqlarının təmini sahəsində həyata keçirdikləri layihələr barəsində danışarkən, BMqT-in regionlarda bu kateqoriyadan olan insanların kompakt yaşadığı yerlərdə təmiz su təminatının bərpa edilməsi istiqamətində tədbirlər görüldüyünü, o cümlədən hüquq məsləhətxanalarının dəstəklənməsinə dair layihə çərçivəsində bir sıra mühüm işlər görüldüyünü, xüsusilə repatriasiya olunmuş şəxslərə dəstək göstərildiyini, onlara  pulsuz hüquqi yardımın edildiyini vurğulayıb.

Qonaq habelə nəinki əhalinin bu kateqoriyadan olan şəxslərinin, habelə ümumilikdə bütün insanların insan alveri barəsində maarifləndirilməsi məqsədilə metro stansiyalarında müvafiq maarifləndirici posterlərin asıldığını da diqqətə çatdırıb.

Görüşdə Müvəkkil BMqT ilə gələcəkdə Ombudsman təsisatı, BMqT və vətəndaş vəmiyyətindən ibarət üçtərəfli əməkdaşlıq çərçivəsində xüsusilə bəzi məsələlərə diqqət yetirilməsini vacib hesab edərək, təsisatın əməkdaşları, dövlət qurumları, vətəndaş cəmiyyəti üzvləri və yerli icmalar da cəlb edilməklə bu istiqamətdə paytaxt və regionlarda, həmçinin sərhəd-buraxılış məntəqələrində birgə hüquqi maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsini, birgə araşdırmaların aparılmasını, ölkədə və dünyada miqrasiya üzrə baş verən yeniliklərin əhaliyə və onlarla işləyən qurumların nümayəndələrinə çatdırılması məqsədilə birgə hüquqi nəşrlərin, plakatların işlənib hazırlanmasını, qanunsuz miqrantların saxlanma yerlərində saxlanılan şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün paytaxt və regionlarda sosial tədbirlərin təşkil edilməsi, regional sığınacaqların yaradılmasını təklif edib. O, habelə bu şəxslərin mövcud fərdi problemlərinin müəyyənləşdirilməsinin, sənədsiz miqrantlar üçün pulsuz hüquqi məsləhətlərin verilməsinin, həmin şəxslərin hüquqi vəziyyətini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin, o cümlədən mədəniyyətimizin, dilimizin, dinimizin təbliğinə dair ixtisaslaşmış modulların hazırlanmasının vacibliyini qeyd edib.

V.Georgiyev Müvəkkilə faydalı fikir mübadiləsinə və tövsiyələrə görə minnətdarlığını bildirərək, Ombudsmanın qaldırdığı məsələlər üzrə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda görüşdə səsləndirilən təkliflərin gələcək əməkdaşlıq çərçivəsində nəzərə alınacağını söyləyib.