Müvəkkilin nümayəndəsi Silahlı Qüvvələr üzrə Ombudsman Təsisatlarının 11-ci Beynəlxalq Konfransında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hərbi Qulluqçuların Hüquqlarının Müdafiəsi sektorunun böyük məsləhətçisi Murad Babayev 28-29 oktyabr 2019-cu il tarixində Cenevrə Təhlükəsizlik Sektoru İdarəetmə Mərkəzinin (DCAF) və Bosniya və Herseqovinanın Parlamentar Hərbi Ombudsmanının birgə təşkilatçılığı ilə Sarayevo şəhərində  həmin ölkənin Parlament Assambleyasında həyata keçirilən Silahlı Qüvvələr üzrə Ombudsman Təsisatlarının 11-ci Beynəlxalq Konfransında (11 ICOAF) iştirak edib.

Konfransa 44 ölkədən və 3 beynəlxalq təşkilatdan 76 nümayəndə olmaqla Ombudsman İnstitutlarının hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə məşğul olan əməkdaşları və Müdafiə Nazirliyinin nümayəndələri qatılıb.

Tədbir çərçivəsində möhkəm və dayanıqlı Ombudsman institutları, onların Silahlı Qüvvələrlə əməkdaşlığı, hərbi sahə üzrə Ombudsman institutları tərəfindən həyata keçirilən tədbirlərlə əlaqədar Kütləvi informasiya vasitələri (KİV) yolu ilə ictimaiyyətə məlumatların ötürülməsi barədə müzakirələr edilib.

M.Babayev konfransda çıxış edərək, Azərbaycan Respublikasında Hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və bu sahədə Ombudsmanın rolu barədə tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, dövlət tərəfindən mütəmadi olaraq Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial-məişət və mənzil şəraitinin və onlara göstərilən tibbi-sosial xidmətlərinin yaxşılaşdırılması, güzəştli ipoteka kreditlərinin verilməsi və pensiyaların artırılması istiqamətində bir sıra zəruri addımlar atılıb, bundan əlavə Silahlı Qüvvələrdə xidmət edən vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləği bir neçə dəfə artırılıb.

Həmçinin, Ombudsmanın nümayəndəsi qeyd edib ki, Ombudsman seçildiyi ilk günlərdən hərbi qulluqçuların hüquq və azadlıqlarının müdafiəsi həmişə onun fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Bu məqsədlə də Ombudsman Aparatında hərbi qulluqçuların hüquqları sahəsində ixtisaslaşan, hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi ilə məşğul olan müvafiq sektor yaradılıb. Hərbi qulluqçuların və onların ailə üzvlərinin şikayətlərinin araşdırılması, Müvəkkilin hərbi hissələrdə görüşlərinin təşkil edilməsi, hüquqi maarifləndirmə, hərbi xidmətlə bağlı digər məsələlər bu sektorun əsas vəzifələrini təşkil edir. Ombudsmanın Müdafiə Naziri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, habelə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının komandanları ilə birgə təsdiq olunmuş tədbirlər planı əsasında Müvəkkil, onun hərbi məsələlər üzrə ixtisaslaşmış müşaviri və aparatın digər əməkdaşları həmin qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə bu qurumların tabeliyində olan hərbi hissələrdə, təhsil və tibb müəssisələrində olub, şəxsi heyətlə hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçiriblər. Keçirilmiş bütün tədbirlər barədə KİV vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə məlumatlar verilib. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və təkliflər Müvəkkilin İllik hesabatlarında öz əksini tapıb və ombudsmanın rəsmi internet səhifəsində Azərbaycan və İngilis dillərində yerləşdirilib.

Bununla yanaşı, M. Babayev ATƏT-in Demokratik təsisatlar və insan hüquqları bürosu tərəfindən 2008-ci ildə Polşada nəşr edilən «Silahlı Qüvvələr Heyətinin İnsan Hüquqları və Əsas Azadlıqları haqqında təlimat kitabı»nın Ombudsmanın təşəbbüsü ilə ATƏT-in Bakı Ofisi tərəfindən azərbaycan dilinə tərcümə olunaraq ictimaiyyətə təqdim edildiyini, həmin kitabın hərbi qulluqçuların hüquqlarının müdafiəsində səmərəliliyin daha da artırılması və hərbi qulluqçuların hüquqlarının müdafiəsi işində NATO ölkələrinin təcrübəsini öyrənmək yönümündə yardımçı olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Aparatın əməkdaşı eyni zamanda, Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (FTƏP) Azərbaycan və NATO arasında həyata keçirilən siyasi dialoq və praktiki əməkdaşlığın inkişaf etdirilməsi baxımından özünü faydalı alət kimi doğrultduğunu, Azərbaycan Respublikasının FTƏP-in dövrələrini uğurla tamamladığını və dövri qiymətləndirmələrdə Ombudsman Aparatının nümayəndələrinin də iştirak etdiyini bildirib.

Azərbaycan Respublikasının Ombudsman Aparatının nümayəndəsi tərəfindən Cenevrə Təhlükəsizlik Sektoru İdarəetmə Mərkəzinin (DCAF) direktoru cənab Tomas Qürberə və Bosniya və Herseqovinanın Parlamentar Hərbi Ombudsmanı cənab Boşko Şilyeqoviçə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudaman) haqqında” 5 dildə nəşr olunmuş Konstitusiya Qanunu, illik məruzələrin elektron forması, digər nəşrlər və Azərbaycan Respublikasının Ombudsmanının simvolunu əks etdirən xatirə suvenirləri təqdim edilib.

Yekun olaraq, konfrans çərçivəsində iştirakçı dövlətlərin Milli İnsan Hüquqları İnstitutlarının hərbi sahədə fəaliyyəti öyrənilib, təcrübə mübadiləsi aparılıb və görülmüş işlər təhlil edilib, tədbirdə iştirak edən nümayəndələrə növbəti  Silahlı Qüvvələr üzrə Ombudsman Təsisatlarının Beynəlxalq Konfransının 7-9 iyun 2020-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi elan olunub.