Ombudsman Aparatının şöbə müdiri Ədliyyə Akademiyasında mühazirə oxumuşdur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında hüquqi maarifləndirmə, habelə müxtəlif istiqamətlər üzrə qulluğa qəbul olunmuş şəxslərin bilik və bacarıqlarının artırılması istiqamətində səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Ombudsman Aparatının şöbə müdiri, Mili Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin orta rəis heyətində qulluq keçən, habelə ilk dəfə qulluğa qəbul olunmuş müdavimlərin peşə fəaliyyətinə buraxılması ilə bağlı Akademiyada keçirilən icbari təlim kursunda “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda mühazirə oxumuşdur.

O, respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsman təsisatının  effektiv hüquqi mexanizm kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Ombudsmanının nümayəndəsi BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsman milli preventiv mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müəssisələrə, o cümlədən müvəqqəti saxlama yerləri, penitensiar müəssisələr, ahıllar və uşaq evlərinə, psixiatriya müəssisələrinə müntəzəm keçirilən baxışlar və nəticələrinə dair məlumatlar mili və xarici ölkə təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılmışdır.

Dinləyicilərə Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin  insan hüquqlarının müdafiəsi və Milli Preventiv mexanizm qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında məhkumlarla rəftar məsələləri və saxlanma şəraiti, onlara ünvanlanan islah modelləri haqqında geniş məlumat verilmiş, habelə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun müddəaları izah edilməklə, tədris olunmuşdur.  

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti müdavimlər tərəfindən maraqla qarşılanmış, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.  

Mətbuat xidməti