Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirmişdir.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur. 

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə həmin müəssisənin yeməkxanası və  kameralarına baxış keçirilmiş, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılmışdır.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətək qaydada görüş keçirilmiş, müraciətləri dinlənilmiş, hər birininə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilmiş,  Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunmuşdur.

Qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməmiş, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildirmişlər.

Yekunda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilmişdir.

Mətbuat xidməti