Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuş ”Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirmişdir. Konfrans Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Multikulturalizm ili”nə, habelə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul olunması ilə ilk Ombudsman təsisatının yaradılmasının 15 illiyinə həsr olunmuşdur.

Tədbirdə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, digər millət vəkilləri, nazirlər və komitə sədrləri, dövlət qurumlarının, beynəlxalq təşkilatların, dini icmaların nümayəndələri, QHT və KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkilləri, habelə Azərbaycan Ombudsman Aparatının əməkdaşları Fəxri Xiyabanı ziyarət edərək Ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoymuş, onun xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə güllər düzülmüşdür. Aparatın əməkdaşları Şəhidlər Xiyabanına gedərək, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini anmışlar. “Əbədi məşəl” abidəsinin önünə də əklil qoyulmuşdur.

Konfransın açılışında Azərbaycan Dövlət himni səsləndirilmişdir.

Ombudsman Elmira Süleymanova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirmişdir. O, 25 il müstəqil olan Azərbaycanın tarixində, respublikamızın qurulmasında və inkişafında müstəsna xidmətləri olan, insan hüquq və azadlıqlarının təmininə böyük töhfələr vermiş Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 15 il əvvəl “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul olunmasının, bununla ilk Ombudsman təsisatının yaradılmasının əhəmiyyətini vurğulamışdır.

Müvəkkil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi və sosial inkişaf, əldə olunmuş nailiyyətlər, o cümlədən hüquqi islahatlar, insan hüquqları sahəsində uğurlar, ölkəmizin 250-dən çox beynəlxalq konvensiyaya qoşulması, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi barədə məlumat vermişdir. O, dövlət başçısı tərəfindən bu il ölkəmizdə Multikulturalizm ili elan olunduğunu, bununla əlaqədar silsilə forumların və tədbirlərin təşkilini yüksək dəyərləndirmiş, Azərbaycanda əsrlər boyu dini və milli tolerantlığın hökm sürdüyünü, multikulturalizmin insan hüquqlarına, o cümlədən dini və milli azlıqların hüquqlarının müdafiəsinə mühüm töhfə verdiyini söyləmişdir.

Ombudsman eyni zamanda Azərbaycana qarşı erməni təcavüzü nəticəsində Xocalı soyqırımının törədildiyini, ölkəmizin 20 faiz torpaqlarının işğalı, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın əsas insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirmiş, onların hüquqlarını daim diqqətdə saxladığını, bununla əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına bəyanatlar göndərdiyini, müvafiq dövlət qurumlarına təkliflər verdiyini qeyd etmişdir. O, Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin problemlərinin diqqətdə saxladığına, bu sahədə onunla əməkdaşlığa, birgə layihələr və silsilə tədbirlər həyata keçirdiyinə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və BMT QAK-ın ölkəmizdəki Nümayəndəliyinə minnətdarlığını bildirmişdir.

E.Süleymanova ölkəmizdə Ombudsman təsisatının çoxşaxəli fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən Rusiya Federasiyası və subyektlərinin, digər xarici ölkələrin ombudsmanları, habelə dövlət orqanları və vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlığı haqqında ətraflı məlumat vermişdir.

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011), milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Ombudsmanın təşəbbüsü və bilavasitə iştirakı ilə Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir şəhər və rayonunda yerli icra hakimiyyəti, hüquq-mühafizə, digər dövlət orqanlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, yerli icmaların, geniş ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.

Ombudsman fəaliyyəti dövrü ərzində mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində gördüyü işlər, İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm qismində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələrin həyata keçirilməsi, əhalinin həssas qrupları, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların, uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, habelə hüquqi maarifləndirmə barədə danışmışdır.

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.

 E.Süleymanova həmçinin gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat vermiş, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara əməkdaşlığın davam etdirilməsi və digər sahələrdə əlaqələndirilmiş fəaliyyət göstərəcəyini bildirmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ombudsman təsisatının yaradılmasının 15 illiyi münasibətilə E.Süleymanovanı təbrik etmişdir. O, çıxışında bildirmişdir ki, Ulu öndər Heydər Əliyev Ombudsman haqqında Konstitusiya Qanununun qəbuluna nail olarkən nümayiş etdirdi ki, Azərbaycan hüquqi dövlətdir və burada insan hüquqları ön plandadır. Bu dövr ərzində Müvəkkilin həm ölkədə, həm beynəlxalq aləmdə çox uğurlu fəaliyyət göstərdiyi, dünya ictimaiyyətinin və ombudsmanlarının insan hüquqları sahəsində Azərbaycan ombudsmanının gördüyü işləri müsbət qiymətləndirdikləri vurğulanmışdır.

Ə.Həsənov dövlət başçısının rəhbərliyi ilə respublikamızda bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda inkişafın davam etdirildiyini vurğulamış, dünya təcrübəsində multikulturalizmin Azərbaycan modelinə istinad olunduğu və bu modelin əhəmiyyətini diqqətə çatdırmışdır. O, eyni zamanda Azərbaycan həqiqətləri, Ermənistanın işğalçı siyasəti nəticəsində qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqlarının pozulduğunu, lakin bu problemin, təəssüf ki, uzun müddətdir həll olunmadığını söyləmişdir. Qaçqın və məcburi köçkün soydaşlarımızın vəziyyətinin daim dövlətimizin diqqətində olduğu, onlar üçün yeni qəsəbələrin salındığı və şəraitlərinin daha yaxşılaşdığı, habelə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti, bu qurumun Ombudsman təsisatı ilə əməkdaşlığı barədə məlumat verilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu aktual mövzuya həsr olunmuş tədbirin vacibliyini qeyd edərək, Ombudsman təsisatının insanların etibarını qazandığını və bunun böyük göstərici olduğunu söyləmişdir. O, Multikulturalizm ili çərçivəsində ölkəmizdə təşkil olunmuş çoxsaylı beynəlxalq forumlar və silsilə tədbirlər, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə fəaliyyəti barədə məlumat vermiş, gələcək perspektivləri açıqlamışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 15 il əvvəl ölkəmizdə Ombudsman təsisatının yaradılmasının Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə çatdırılması üçün yeni tribunanın açıldığını bildirmişdir. O, səmərəli fəaliyyət göstərən E.Süleymanovanın ömrünü xalqımıza və Vətənimizə həsr etdiyini vurğulayaraq, uzun illər səmərəli əməkdaşlığa görə Ombudsmanı Fəxri diplomu ilə təltif etmişdir.

 Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova çıxış edərək, özünün və Rusiya Federasiyasının subyektlərinin çoxsaylı ombudsmanları adından Azərbaycanlı həmkarını adı çəkilən əlamətdar hadisə münasibətilə təbrik etmiş, ona yeni nailiyyətlər arzulamışdır. Qeyd olunmuşdur ki, E.Süleymanova ölkə hüdudlarından kənarda da nüfuzlu şəxsiyyət kimi yaxşı tanınır, onun insan hüquqları sahəsində böyük fəaliyyəti yüksək dəyərləndirilir. Azərbaycanda Ombudsman haqqında Konstitusiya Qanununun qəbulundan sonra insan hüquqları istiqamətində mühüm işlər görüldüyü, Rusiya Federasiyası və Azərbaycan ombudsman təsisatlarının səmərəli əməkdaşlığı diqqətə çatdırılmışdır. 

T.Moskalkova fəaliyyəti barədə ətraflı məlumat vermiş, Azərbaycan Ombudsman təsisatı ilə səmərəli əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulamışdır.

Konfrans çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasının ombudsmanları arasında ikitərəfli əməkdaşlıq Sazişi imzalanmışdır. Bu 2004-cü ildə həmin təsisatlar arasında imzalanmış sazişin daha yenilənmiş və təkmil variantıdır. Bunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində, həmin ölkə vətəndaşlarının isə Azərbaycan ərazisində hüquqlarının pozulması halları barəsində təsisatların bir-birini vaxtında məlumatlandırması, pozulmuş hüquqların bərpa edilməsinə öz səlahiyyətləri çərçivəsində yardım göstərilməsidir.

Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio de Angelis çıxışlarında mövzu ilə bağlı fikirlərini bildirmiş, Ombudsman E.Süleymanovanın fəaliyyətini və onunla əməkdaşlıqlarını müsbət qiymətləndirmişlər.

Ölkəmizin aparıcı KİV-ləri, televiziyalar, qəzetlər və informasiya portalları bu konfransı böyük maraqla izləmiş və geniş işıqlandırmışdır. Tədbir çərçivəsində keçirilmiş mətbuat konfransında Azərbaycan və Rusiya Federasiyası Ombudsmanları çoxsaylı televiziyalara və kütləvi informasiya vasitələrinə müsahibələr vermişlər.

Konfrans iştirakçıları Azərbaycan Ombudsman təsisatında hazırlanmış çoxsaylı hüquqi nəşrlərin nümayiş etdirildiyi, həmçinin Azərbaycan həqiqətləri barədə, multikulturalizmi təbliğ edən müxtəlif nəşrlərdən ibarət sərgilərə maraqla baxmışlar.

Azərbaycan və Rusiya ombudsman təsisatlarının səmərəli əməkdaşlığına görə T.Moskalkova Ombudsman E.Süleymanovanın Fəxri Diplomu və xatirə medalı ilə təltif edilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə səfər edən T.Moskalkovanı qəbul etmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.

Habelə Rusiya ombudsmanı Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla, Ədliyyə naziri Fikrət Məmmədovla, Baş prokurorun birinci müavini Rüstəm Usubovla rəsmi görüşlər keçirmişdir. Bu görüşlərdə E.Süleymanova da iştirak etmişdir.

T.Moskalkova 5 saylı ASAN Xidmət Mərkəzində də olmuş, vətəndaşlara şəffaf, çevik və çatımlı xidmətlər göstərən, Azərbaycan brendi kimi tanınan bu qurumun fəaliyyəti ilə ətraflı tanış olmuş, bunun insan hüquqları baxımından əhəmiyyətli olduğunu söyləmişdir.

E.Süleymanova və T.Moskalkova, Azərbaycan Ombudsman Aparatının əməkdaşları Bakıdakı Xocalı soyqırımı Abidəsini ziyarət etmiş, Rusiya ombudsmanına bu faciə barədə məlumat verilmiş, soyqırımla bağlı Azərbaycan Ombudsmanının nüfuzlu beynəlxalq təşkilatlara və xarici ölkələrin ombudsmanlarına ünvanladığı Bəyanatları, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında rus dilində kitablar və digər nəşrlər Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkilinə təqdim edilmişdir.

Səfər çərçivəsində T.Moskalkova Bakıdakı Rus icmasında, Mədəniyyət Mərkəzində də görüşlər keçirmiş, vəziyyətlə tanış olmuş və icmanın nümayəndələri ilə səmərəli müzakirələr aparılmışdır.

Axşam onun şərəfinə şam yeməyi verilmişdir.

Mətbuat xidməti