Ombudsman tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması davam edir

Xəbər verildiyi kimi, 5 iyul 2017-ci il tarixdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan mülki əhalinin qətlə yetirilməsi və mülki obyektlərin atəşə tutulması ilə əlaqədar Bəyanat vermişdir.

Bu günlərdə Avropanın aparıcı “New Europe” (Yeni Avropa) qəzetinin son buraxılışında Müvəkkilin sözügedən bəyanatının mətni əsasında hazırlanmış məqalə çap edilmişdir. “New Europe” baş ofisi Brüsseldə yerləşən, Avropa İttifaqı və beynəlxalq siyasətə dair məlumatların dərc edildiyi müstəqil həftəlik qəzetdir.

Məqalədə vurğulanmışdır ki, 2017-ci ilin iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə və qəsdən atəşə tutulmuş, nəticədə kənd sakini Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak olmuş, digər mülki şəxs Səlminaz Quliyeva ağır yaralanmış və mülki obyektlər dağıdılmışdır.

Məqalədə Ombudsmanın tezliklə ədalətin və sülhün bərqərar olunacağına, insanlığa qarşı törədilən bu qatı cinayətlərin beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılacağına ümidi, həmçinin Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, erməni hərbi qüvvələrin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, insan hüquqlarından faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini, habelə həmkarlarını birgə qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırışı diqqətə çatdırlımışdır.

Qeyd olunmuşdur ki, Müvəkkilin Bəyanatı BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin Baş Katibinin Uşaqlar və Silahlı Münaqişələr üzrə Xüsusi Nümayəndəsinə, BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi üzrə İcraçı Direktoruna, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC), Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, eyni zamanda bu sənədin tədbirlərdə istifadə edilməsi üçün Azərbaycanın çoxsaylı diaspor təşkilatlarına göndərilmişdir.

Mətbuat xidməti