Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri və Zəhra Quliyevanın qətli ilə bağlı Almaniya Xarici İşlər Nazirliyində müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşın Avropa İttifaqının Tvinninq layihəsi ilə bağlı Almaniyaya səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin departament rəhbəri Eckart Blaurock ilə görüş keçirilmişdir.

Görüşdə Xarici İşlər Nazirliyinin informasiya sahibi kimi səlahiyyətləri, daxil olan müraciətlər, onların cavablandırma mexanizmləri barədə məlumat verilmiş, bu sahədə həyata keçirilən tədbirlər haqqında müzakirələr aparılmışdır.

Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, bu istiqamətdə Ombudsman Elmira Süleymanovanın çoxşaxəli fəaliyyəti, o cümlədən “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət funksiyasının həyata keçirilməsi ilə bağlı səlahiyyətləri çərçivəsində görülən işlər barədə məlumat verilmiş, təcrübə mübadiləsi aparılmışdır.

Görüş zamanı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların fundamental hüquqlarının pozulması haqqında geniş məlumat verilmiş, habelə 4 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndini erməni silahlı birləşmələri tərəfindən atəşə tutulduğu, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyavanın qətlə yetirildiyi bildirilmiş, Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi Bəyanat Almaniya Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.

 Mətbuat xidməti