Ombudsmanın Şəki Regional Mərkəzi Sülh aylığı çərçivəsində tədbirlər keçirmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunmuş 21 avqust – 21 sentyabr Sülh aylığı çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən Qax rayonunun Qaxingiloy, Balakən rayonunun Beretbinə kəndlərində və Mingəçevir şəhərində yerli icra və özünü idarəetmə orqanlarının əməkdaşlarının, həmçinin sakinlərin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir

Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov həmin tədbirlərdə 21 sentyabr tarixinin bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunduğu diqqətə çatdırılmaqla, Müvəkkil tərəfindən dünya ictimaiyyətinə ünvanlanmış müraciətlərdə respublikamızın ərazisinin 20 faizinin erməni hərbi qüvvələrinin işğalı altında olması, Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı, həmçinin 14 mart 2008-ci il tarixli qətnamələrinin tələblərinin yerinə yetirilmədiyi, sülh və təhlükəsizliyə etinasız münasibət bəslədildiyinin vurğulandığı qeyd edilmiş, habelə dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları regionda sülhyaratma proseslərinə dəstək verməyə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə yardımçı olmağa çağırdığı bildirilmişdir.           

2016-cı ilin 2-5 aprel tarixlərində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazilərinin, mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələrinin və digər mülki obyektlərin atəşə tutulması nəticəsində uşaqlar, qadınlar, ahılların həlak olması və ağır yaralanması, 2017-ci ilin iyul ayının 4-də  Azərbaycan Respublikasının Fizuli rayonunun Alxanlı kəndində yaşayış məntəqələrinin bir daha atəşə tutularaq 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyevanın, onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətl edilməsi, 1965-ci il təvəllüdlü Səlminaz Quliyevanın ağır yaralanması, 2017-ci ilin avqust ayının 7-də Tovuz rayonunun Qaralar kəndinin atəşə tutularaq 2004-cü il təvllüdlü Ramin Yusifovun ağır yaralanması Ermənistanın sülh istəyində olmadığının bariz göstəricisidir.

Qeyd olunmuşdur ki, Müvəkkil bu faktlarla yanaşı nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin Ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə, Azərbaycan diaspor təşkilatlarına bəyanat ünvanlayaraq Ermənistanın təcavüzünə son qoyulması, ümumbəşər beynəlxalq normalara uyğun olaraq Azərbaycanın zəbt olunan torpaqlarının azad olunması, erməni hərbi qüvvələrinin bu ərazilərdən çıxarılması, Azərbaycanın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və bütün insan hüquqlarından tam faydalanması üçün beynəlxalq təşkilatları, dünya dövlətlərini birgə, qətiyyətli səylər göstərməyə və tədbirlər görməyə çağırmışdır.       

    Mətbuat xidməti