Ombudsman Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirmişdir

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin çoxşaxəli fəaliyyətində penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi mühüm yer tutur. Bu məqsədlə Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən həmin müəssisələrdə müntəzəm olaraq başçəkmələr, saxlanılan şəxslərlə görüşlər keçirilir.

12 sentyabr 2017-ci il tarixdə Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirmişdir.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, təqsirləndirilən şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olmuşdur.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunmuş, ərizə və müraciətlərinə baxılmış, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilmiş, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində Müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirmişdir.

Bununla yanaşı, bəzi qəbul edilmiş şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildirmiş, müraciətlərində yer alan istintaq, cinayətlərin dekriminallaşdırılması və digər cinayət və mülki hüquq münasibətləri üzrə məsələlər üzrə hüquqi məsləhətlər verilmiş, Ombudsmanın səlahiyyətləri izah edilmişdir.

Söhbət aparılan şəxslər bu müəssisədə saxlanma şəraitindən, əməkdaşların onlarla rəftarından və göstərilən tibbi xidmətdən şikayət etməmişlər.

Saxlanılan şəxslər onların hüquqlarını diqqətdə saxladığına və vəziyyətləri ilə maraqlandığına görə Müvəkkilə minnətdarlıqlarını bildirmişlər.

Yekunda Müvəkkil həmin şəxslərin hüquqlarının effektiv təmini ilə bağlı müəssisə rəhbərliyi ilə müvafiq söhbətlər aparmış və öz tövsiyələrini vermişdir.

Başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaqdır.

Mətbuat xidməti