“Sülh aylığı” çərçivəsində Ombudsman tərəfindən növbəti tədbirlər təşkil olunmuşdur

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqust – 21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir.

Həmin aylıq çərçivəsində Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən bu günlərdə Xaçmaz rayon Mərkəzi kitabxanasında və Siyəzən rayon Zarat kəndində silsilə tədbirlər təşkil olunmuşdur.

Tədbirlərdə yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, habelə dini icmaların və geniş ictimaiyyətin nümayəndələri, o cümlədən mədəniyyət sahəsində çalışan şəxslər iştirak etmişlər.

Quba Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev ilk öncə Ombudsmanın salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdırmışdır. O, çıxış edərək Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il ölkəmizdə “Sülh aylığı” keçirildiyi barədə məlumat vermişdir. Bu məqsədlə Ombudsman tərəfindən dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edildiyi və bununla əlaqədar çoxsaylı silsilə tədbirlər təşkil olunduğu bildirilmişdir. 

Tədbirlərdə 21 sentyabr - Beynəlxalq Sülh Gününün yaranma tarixi, “Sülh aylığı”nın mahiyyəti, Müvəkkil tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara və xarici ombudsmanlara göndərilmiş bəyanatlar, E.Süleymanovanın sülh təşəbbüsləri barədə ətraflı məlumat verilmişdir.

Səmərəli fikir mübadiləsi aparılmış və tədbir iştirakçılarının sualları ətraflı cavablandırılmışdır. Sonda iştirakçılar Ombudsman təsisatında hazırlanmış hüquqi nəşrlərlə tanış olmuşlar.

Aylıq çərçivəsində keçirilən tədbirlər davam etdirilir.

Mətbuat xidməti