Ümumtəhsil məktəblərində Uşaq Hüquqları Aylığı çərçivəsində növbəti tədbirlər keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində Bakıda və rayonlarda silsilə tədbirlər davam etdirilir.

Bu günlərdə Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin nümayəndələrinin, internat məktəbinin şagird və müəllimlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Həmin tədbirdə iştirak edən Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov və Nigar Ağayeva çıxış edərək, ölkəmizdə Uşaq Hüquqları Aylığı çərçivəsində paytaxtda və regionlarda Ombudsmanın mərkəzi Aparatı və regional mərkəzləri, yerli icra hakimiyyəti orqanları, digər müvafiq qurumlar, bələdiyyələr, qeyri-hökumət təşkilatları və icmalar tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğu, bu tədbirlərə çoxsaylı uşaqların cəlb edildiyi diqqətə çatdırılmışdır.

Tədbirdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının yaranması tarixi, bu sahədə olan digər beynəlxalq sənədlər və hüquq müdafiə mexanizmləri, o cümlədən BMT-nin müvafiq konvensiyasına uyğun olaraq qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, dövlətimizin bu sahədə həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilmiş, uşaq hüquqlarının təmini və müdafiəsi sahəsində Müvəkkilin çoxşaxəli fəaliyyəti, eyni zamanda təsisatda uşaqlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər və uşaqlarla bağlı 916 nömrəli “Qaynar Xətt” xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırılmışdır.

Sabunçu rayonu, E.Məhərrəmov adına 137 nömrəli tam orta məktəbdə bu rayondakı 21 saylı şəhər Xəstəxanasının əməkdaşlarının, məktəbin şagird və müəllimlərinin iştirakı ilə keçirilmiş növbəti tədbirə isə Ombudsman Aparatının əməkdaşları İlahə Əfqanlı və Murad Babayev qatılmışlar. Müvəkkilin nümayəndələri həmin tədbirdə çıxış edərək, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər və Ombudsmanın bu sahədə fəaliyyəti barədə geniş məlumat vermişlər.

Tədbirlərdə mövzu üzrə müxtəlif səmərəli müzakirələr aparılmış, çoxsaylı suallar cavablandırılmış, təsisatda hazırlanmış uşaq hüquqları üzrə nəşrlər ümumtəhsil məktəblərinin kitabxanalarına hədiyyə edilmişdir. Şagird və müəllim heyəti uşaq hüquqları sahəsində əldə etdikləri ətraflı məlumata görə Ombudsmana öz təşəkkürlərini bildirmişlər.

Mətbuat xidməti