Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə konfrans keçirilmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Uşaq Fondunun ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi beynəlxalq konfransda Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının çağırışı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə artıq 10 dekabrdan başlanan və bir il davam edəcək kampaniyaya ölkəmizdə start vermişdir. O, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin daha da artırılması istiqamətində bütün dövlət qurumlarını, beynəlxalq təşkilatları, icmaları, yerli QHT və KİV-ləri birgə fəaliyyətə dəvət etmiş, hər bir kəsin paytaxt və regionlarda həmin kampaniyaya qatılmasına start vermiş və bu istiqamətdə silsilə tədbirlər davam etdirilir.

Belə ki, bu günlərdə Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən mədəniyyət işçiləri, ziyalılar və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə Quba rayon Mədəniyyət mərkəzində “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə konfrans keçirilmişdir.

İlk olaraq həmin regional mərkəzin məsləhətçisi Murad Əskərov iştirakçılara Elmira Süleymanovanın salamlarını, qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini və xoş arzularını çatdırmışdır. O, çıxışında qeyd etmişdir ki, demokratik cəmiyyət və hüquqi dövlət dedikdə ilk öncə yada insan hüquq və azadlıqlarının müdafiəsi düşür. İnsan hüquqları müasir dünyamızın hər bir demokratik dövləti tərəfindən ən prioritet hesab edilən mövzulardan sayılır. Müstəqil Azərbaycanda da insan hüquq və azadlıqlarının təmin olunması, müdafiəsi və daha da genişləndirilməsi dövlətin ən ali məqsədi elan edilib, 1993-cü ildən başlayaraq ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi.

M.Əskərov “İnsan hüquqlarının müdafiəsinə qalx” çağırışı ilə kampaniya, Müvəkkilin ölkəmizdə adı çəkilən kampaniyaya start verməsi və bununla əlaqədar təşkil etdiyi silsilə tədbirlər barədə ətraflı məlumat vermişdir. O, Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti, bu sahədə əldə edilmiş nailiyyətləri diqqətə çatdırmışdır.

Sonra konfrans iştirakçıları mövzu ilə bağlı fikir və mülahizələrini söyləmiş, onların verdiyi suallar cavablandırılmış, habelə mərkəzi kitabxana tərəfindən təşkil olunmuş kitab sərgisi ilə tanış olmuşlar.

İştirakçılar bu tədbirin təşkilinə görə Ombudsmana təşəkkürlərini bildirmişlər.

 

Mətbuat xidməti