Nəşrlər

Ölkəmizdə hüquqi maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı 168 adda çap məhsulu nəşr etmişdir. Ombudsmanın illik məruzələri, Azərbaycan haqqında,  Xocalı faciəsi və erməni təcavüzü barədə olan məlumatlar disklərdə  beynəlxalq təşkilatlara, Ombudsman institutlarına, forum və konfrans iştirakçılarına, insan hüquqları sahəsində çalışan mütəxəssislərə, beynəlxalq ekspertlərə, o cümlədən başqa tədbirlərin iştirakçılarına göndərilir. 

Aparatın nəşrləri ölkə daxilində və xarici ölkələrdə keçirilən kitab sərgilərində, tədbirlərdə nümayiş olunmuşdur.

Ombudsmanın təşəbbüsü və digər əlaqədar təşkilatların dəstəyi ilə ingilis və başqa xarici dillərdə olan 20-dən artıq tədqiqat əsərləri, dərslik və dərs vəsaitləri Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Bu kitabların sırasından “İnsan Hüquqları və layiqli idarəetmə”, “İnsan hüquqları üçün yeni mərhələ”, “İnsan hüquqları: parlament üzvləri üçün vəsait”, Ralf Kroşo “Polis və insan hüquqları”  kimi qiymətli kitabları qeyd etmək olar. Həmin elmi ədəbiyyat ilk dəfə olaraq ana dilimizə tərcümə olunmuşdur. 

Aparatın nəşrləri Ombudsmanın regional mərkəzlərinə, əməkdaşlıq etdiyi kitabxanalara, dövlət qurumlarının müvafiq strukturlarına və kitabxanalarına,  o cümlədən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasına, Naxçıvan Dövlət Universitetinin Kitabxanasına, Naxçıvan Muxtar Respublikası Ombudsman Aparatına,  respublikanın şəhər və rayon mərkəzləşmiş kitabxana sistemlərinə, cəzaçəkmə müəssisələrinin kitabxanalarına və digər kitabxanalara  mütəmadi olaraq göndərilir. 

Əhali arasında hüquqi maarifləndirmənin aparılmasında Aparatın nəşrlərinin  uğurla yayılmasının böyük əhəmiyyəti vardır. Yalnız Aparatın nəşrləri deyil, eləcə də BMT-nın, ATƏT-nın və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri tərəfindən çap edilmiş hüquq ədəbiyyatı Ombudsmanın dəstəyi ilə kitabxanalar və əhali arasında yayılır. Bu günə qədər ümumilikdə 30000-dən çox hüquq ədəbiyyatı paylanmışdır.      

İnsan hüquqları üzrə dərs vəsaiti (mühazirələr toplusu) 

Nəşrlərin siyahısı