Kitabxana

Hüquq elminin inkişaf etdirilməsi, ölkə əhalisinin hüquqi maarifləndirilməsi, onların bu sahədə yeni  biliklər əldə etməsi, eyni zamanda Aparatın əməkdaşlarına xidmət etmək məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatında 2003-cü ilin yanvar ayından insan hüquqları üzrə ilk ixtisaslaşdırılmış kitabxana olan İnsan Hüquqları Kitabxanası yaradıldı. Yarandığı gündən kitabxananın fondunu zənginləşdirmək, geniş hüquq ədəbiyyatı bazasına malik olmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Bu gün kitabxana fondunun əsasını yerli və xarici mənbələrdən alınmış ümumilikdə 11000-dən artıq  ədəbiyyat təşkil edir. Burada hüquq elminin müxtəlif sahələrinə aid kitablarla yanaşı,  xarici ölkələrin Ombudsman təsisatlarının illik hesabatları, normativ-hüquqi aktlar, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə nəşr olunan “Dünya ədəbiyyatı klassikləri” silsiləsindən olan ədəbiyyat, xalqımızın əsrlər boyu yaşadığı   faciələri, o cümlədən erməni təcavüzünü əks etdirən nəşrlər və digər çap məhsulları  qorunur. Kitabxanadan Aparatın əməkdaşları ilə bərabər tədqiqatçılar, müxtəlif universitetlərdən olan tələbələr, magistrlər, elmi işçilər də istifadə edirlər.

Burada fond müxtəlif mənbələrdən BMT-nin müxtəlif qurumlarının, agentliklərinin, Avropa Şurasının, ATƏT-in, müxtəlif beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, səfirliklərin, xarici universitetlərin, əməkdaşlarımızın xarici ölkələrdən   gətirdikləri   kitablar,   yerli  dövlət  qurumlarının,  QHT  və  KİV-lərin nəşrləri, eləcə də başqa kitabxanaların mübadilə fondundan alınmış ədəbiyyatlar hesabına qurulmuşdur. Kitabxanada tədqiqat əsərləri, monoqrafiyalar, dərs vəsaitləri, lüğətlər,  kitabçalar, broşurlər, bukletlər, lifletlər, plakatlar və s. kimi çap məhsulları saxlanılır. Azərbaycan, ingilis, fransız, alman, rus, gürcü, polyak və başqa dillərdə olan kitab, qəzet, jurnal, bülleten kimi çap məhsulları hər zaman oxucuların istifadəsindədir.

Azərbaycan, rus, ingilis dillərində kitab və jurnal kataloqundan  ibarət olmaqla 3 dildə kitabxananın məlumat-axtarış aparatı  yaradılmışdır.

Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkə Prezidenti Cənab İlham Əliyev haqqında yazılmış kitablar üçün xüsusi guşə ayrılmışdır.

Kitabxanalararası əməkdaşlığı genişləndirmək üçün M.F.Axundov adına Milli Kitabxana, Bakı Dövlət Universitetinin, Qərb Universitetinin, Bakı Slavyan Universitetinin, Xarici Dillər Universitetinin, AMEA-nın Mərkəzi Kitabxanasının, AMEA-nın İnsan hüquqları İnstitutunun kitabxanası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası, Milli Məclisin Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, həmçinin İsveçin R. Vallenberq adına İnsan Hüquqları və Humanitar Hüquq İnstitutunun İnsan Hüquqları Kitabxanası və s. ilə əlaqələr qurulmuşdur.

Eyni zamanda, müxtəlif illərdə Ombudsman Aparatında beynəlxalq təcrübəni öyrənmək məqsədilə kitabxana işçiləri üçün seminarlar da təşkil olunmuşdur. Seminarlarda dövlət qurumlarının, nazirliklərin kitabxanaları və tədris mərkəzlərinin, respublikamızın aparıcı kitabxanalarının və mərkəzləşdirilmiş kitabxana sistemlərinin, habelə ali məktəb kitabxanalarının rəhbərləri və əməkdaşları iştirak etmişlər.

İnsan Hüquqları Kitabxanası qurulduğu gündən daim inkişaf edən informasiya dünyasında  müasir dövrün kitabxana standartlarına uyğun fəaliyyət göstərmiş,  xidmət prosesində inkişaf edib təkmilləşmiş, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaya çevrilmişdir. Bu proseslər müəyyən ardıcıllıqla davam etdirilməkdədir.